Azərbaycan millisinin və "Sabah" futbolçusu Rəşad Eyyubovun apasport.az saytına müsahibəsi
- Hesabat turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzdunuz. Bu hesabla məğlub olmağınızı nə ilə əlaqələndirərdiz?
- Oyunda kiçik səhvlər öz sözünü dedi. "Neftçi"nin güclü tərəfini bilirdik. Amma onların qarşısını ala bilmədik. Üstəlik, rəqibin oyununu da qeyd etmək lazımdır. Çoxdandır ki, "Neftçi"ni bu cür yaxşı formada görmürdüm.
- Maraqlıdır ki, "Neftçi" ilə görüşdən bir həftə əvvəl çempionluğa oynayan digər komanda - "Qarabağ"a uduzmamışdınız. Belə çıxır ki, sizin üçün "ağ-qaralar" Ağdam təmsilçisindən güclüdür?
- "Qarabağ"la oynamaq bir az daha asandır. Çünki məqsədimiz qol buraxmamaq və mümkün olduğu qədər əks-hücumlara çıxmaq idi. Dağıtmaq yaratmaqdan hər zaman daha asandır.
- Premyer Liqanın XXI turunda "Keşlə"ni qəbul edəcəksiniz. Rəqibi məğlub etmək çətin olmayacaq?
- Təbii ki, bu oyunun necə vacib olduğunu yaxşı başa düşürük. Oyuna maksimum dərəcədə taktiki və fiziki cəhətdən yaxşı hazırlaşmaq lazımdır. Qalib gəlmək üçün yetərincə gücümüz var.
- Hazırda "Sabah" turnir cədvəlinin altıncı pilləsindədir. Ölkə kubokunda çıxışınızı dayandırdığınızı nəzərə alsaq, avrokuboklara yollanmaq üçün yalnız çempionatda yuxarı pillələrdən birini tutmalısınız. Sizcə, "Zirə" və "Sumqayıt"ı keçə biləcəksiniz?
- Vəziyyət elə yaranıb ki, avrokuboklara vəsiqəni verən yeri tutmaq üçün dörd klub mübarizə aparır. Bir qələbə və bir məğlubiyyət kəskin şəkildə vəziyyəti də dəyişir. Məncə, hər şey son turlarda həll olunacaq. Ümidvaram ki, məhz biz avrokuboklara vəsiqə verən yeri tutacağıq.
- Qış fasiləsindən sonra əsasən ehtiyatda qalırsız. Bunun səbəbi nədir?
- Əslində vəziyyətə real baxmaq lazımdır. Komandamızın oyun stili dəyişib. Mənim oynamağına o qədər də ehtiyac olmur. Ehtiyatda oturmaqdan xoşum gəlmir. Amma hər zaman meydana daxil olub, gücümü qoymağa hazıram.
- Baş məşqçi Jelko Sopiçlə münasibətiniz necədir?
- Onunla münasibətim yaxşıdır. Mən onu, o da məni anlayır. Aramızda heç bir problem yoxdur. Hər ikimizin məqsədi "Sabah"la qələbələr qazanmaqdır.
- Bəs Yevgeni Koçukun transfer edilməsi nə dərəcədə sizin əsas heyətdən uzaq qalmağınıza təsir etdi?
- O, yaxşı futbolçudur. Yarımmüdafiənin mərkəzində çox futbolçumuz var. Seçimi baş məşqçi edir və Koçuka şans verir. Bu onun qərarıdır.
- "Sabah"da daim oynamamağınız Azərbaycan millisinə dəvət edilməyinizə təsir göstərə bilər? Yayda iş yerinizi dəyişmək haqda düşünürsünüz?
- Bəli, bu problemdir. Millidə oynamaq üçün gərək klubunda şans qazanasan. Bəli, ola bilsin ki, yayda hansısa dəyişiklik etməyə ehtiyac oldu. Amma bu futboldur, hər şey ola bilər.
- Yeri gəlmişkən, Azərbaycan milli komandası Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda yer alır. Millimizin qrupdan çıxmaq şansı var?
- Yığmanın oyunları tamam başqa səviyyədir. Kağız üzərində lider və ya autsayder ola bilərsən. Bu o qədər də əhəmiyyət kəsb etmir. Düşünürəm ki, millimizin şansı var. Ev oyunlarını udsaq, qrupdan çıxmaq yolunda yaxşı iş görmüş olarıq.
- Yığmamızın baş məşqçi postuna namizədlər arasında daha çox Rəşad Sadıqovla Covanni De Byazinin adı hallanır. Necə düşünürsünüz, hansı mütəxəssis millimizə kömək ola bilər?
- Bəli, komandamızın ətrafında çox ad hallanır. Şəxsən mən millimizi yerli mütəxəssisin çalışdırmasını istəyərdim. Fikrimcə, bizdə də döyüşkən komanda qura biləcək mütəxəssislər var.