“Zirə”dən ayrılan ilk futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, paytaxt klubu əcnəbilərlə bağlı qərarlar verməyə başlayıb.
Komandadan gedişi gözlənilən ilk oyunçu argentinalı Fakundo Melivilodur. Bu ilin martında azad agent kimi Bakı təmsilçisinə qoşulan 29 yaşlı hücumçunun çıxışı baş məşqçi Rəşad Sadıqovun ürəyincə olmayıb. Premyer Liqada cəmi 4 matçda iştirak edən və 2 qola imza atan Melivilo ilə yeni müqavilə imzalanması nəzərdə tutulmayıb. Gənc mütəxəssis hücum xəttinə başqa əcnəbi transferi planlaşdırır. Sadıqovun istəyi reallaşsa, Melivilo ilə yollar ayrılacaq.
Qeyd edək ki, Premyer Liqada 4-cü yeri tutan “Zirə”nin Konfrans Liqasına vəsiqə qazanıb-qazanmaması bu gün keçiriləcək Azərbaycan kubokunun final matçından asılıdır. “Sumqayıt” həlledici görüşdə “Keşlə”yə qalib gələrsə, zirəlilər avrokuboklarda ölkəmizi təmsil edəcək.