Rəşad Sadıqov: “Bravo”nu kimə ünvanladığmla bağlı ad çəkmək istəmirəm” - MÜSAHİBƏ
03.04.2022 - 19:14
Rəşad Sadıqov: “Bravo”nu kimə ünvanladığmla bağlı ad çəkmək istəmirəm” - MÜSAHİBƏ

“İlk növbədə komandamı gözəl oyuna, möhtəşəm xarakterə görə təbrik etmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Premyer Liqanın XXI turunun “Neftçi” ilə səfər oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Bu gün rəqibimiz ötən mövsümün çempionu “Neftçi” idi. Səfərdə bu komandaya qarşı oynamaq ürək, bacarıq tələb edir. Şükürlər olsun ki, futbolçularımız da bunu meydanda göstərdilər. Oyunu təhlil etsək, 60-cı dəqiqəyədək komandamızın üstünlüyü ilə keçdi. Qol epizodlarımız var idi. Matçın 2-ci dəqiqəsində Dmitrios Çantakliasın geri ötürməsində texniki səhv oldu və Tyaqo Bezerra qapıçı ilə üz-üzə qaldı. Həmin epizod istisna rəqibə imkan vermədik. Topa nəzarət bizdə idi, yaxşı sürətli hücumlarımız alınırdı. Ümumi götürsək, oyunu yaxşı keçirdik. Sonra azlıqda qaldıq. Taktiki dəyişikliklə sistemi dəyişdik. Futbolçular orda da nizam-intizamlı, ağıllı futbol oynadılar. Sonda qol vurduq, yaxşı da qol alındı. Qələbəyə yaxın idik. Lakin sonda penaltidən qol buraxdıq və 2 xal itirdik. Bəlkə də oyundan öncə kimsə heç-heçə olacağını desəydi, şad olardıq. Amma matçın gedişatına əsasən məyus olan tərəf bizik. 90-cı dəqiqədə 1:0 hesabı ilə öndə idik. Uzatma dəqiqələrində buraxılan qol bizi məyus edir. Önümüzə baxacağıq. Bizi bir-birindən vacib oyunlar gözləyir. Bu gün komandadan həzz aldım. Onları təbrik edirəm”. 

- Davit Volkovun birinci hissədə əllə oynadığı epizoda münasibətiniz necədir? “Neftçi” tərəfdən narazılıq oldu ki, qol olsaydı, necə olacaqdı...
- Mənə də həmin epizod şübhəli gəldi. Əgər hansısa epizod 50-nin 50-yədirsə, yəni çiyinə və başa dəydikdən sonra ələ toxunubsa, bir az mübahisəli olur. Əgər açıq-aşkar əllə topu önünə atıbsa və qol qeydə alınsaydı, soruşardıq və həqiqətən elə olubsa, bunu bildirmək olardı. Belə qolların tərəfdarı deyiləm bununla qələbə qazanmağımızı istəmirəm. Amma çox dinamik və sürətli epizod idi. Volkov sürətli oyunçudur. Açıq-aşkar kobud səhvdirsə, meydanda qərar vermək olur. Mübahisəli epizod zamanı isə demək çətindir.

- Coşqun Diniyevin qırmızı vərəqəsi və penalti zamanı alqışlamaq və “bravo” deməyiniz Frits Ştuxlikə ünvanlanmışdı?
- Mesajın kimə ünvanlaması ilə bağlı ad çəkmək istəmirəm. Hakimə söz deyirsən, sarı alırsan. Etiraz edə bilmirsən. Ona görə aqressiyasız belə təşəkkür edirik. Bilmirsən ki, oyunlardan qabaq nəyi fikirləşəsən, futbolçuları, yoxsa nəyi. Coşqunun sarısı var idi. Onu çıxartmaq istəyirdim. Artıq 50-ci dəqiqədə köməkçi məşqçi ilə onun sarı vərəqə alacağından Hacıağa Hacılı ilə əvəzləmək barədə danışırdıq.

- Alacaq, yoxsa veriləcək?
- Ala da bilərdi, verilə də bilərdi. Amma daha çox oxudum ki, verilə bilər. Bir epizod danışım. “Qəbələ” ilə matçın 60-66-cı dəqiqələri idi. Omar Haninin elə kritik oyundakı hərəkəti daha çox sarılıq idi, yoxsa bugünkü qarşılaşmadakı? Komandamın göstərdiyi oyundan həzz aldım. Belə olduqda öz işindən həzz almağa başlayırsan. Hamı bilir ki, mən futbolu tək pul üçün oynamamışam. Həyatımda ondan önəmli şeylər olub. Bir işdən həzz almadıqdan sonra o işi görmərəm. Məşqçilik də o cümlədən. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da yaxşı əhval-ruhiyyədə gedirəm. Hakimlikdən 55 dəqiqə danışmaqla bitməz. Ötən mövsümdən başımıza gələnlər... Belə davam edir. Futbolçuların hakimlər haqda danışmaqlarını görmüşəm ki, hansı epizodda necə davranmaq lazımdır. İnşallah, mübarizəmizi aparacağıq.

- Bu gün üç komanda xal itirdi. “Sabah” qələbə ilə yaxınlaşır. Növbəti tur onlarla qarşılaşırsız. Bu mübarizədən gözləntiniz nədir?
- Qələbə qazansaydıq, böyük üstünlük əldə edəcəkdik. 9 xal fərq olacaqdı. Amma biz də xal itirdik. “Qəbələ” də xal itirdi. “Sabah” yaxşı komandadır. Sonadək mübarizə aparacaqdılar. Şəxsi oyunlar da qalıb. Bu gün qələbə qazanıb uzaqlaşmaq istəyirdik. Amma alınmadı. 7 oyun qalıb. “Qəbələ” ilə 5, bizimlə 7 xal fərqləri var. Sonadək mübarizə gedəcək. Bir çox fikirlərimiz var. Yarışın içindəyik. Hər cür oyun olacaq. Hər oyuna hazır olmaq lazımdır. “Sabah”la səfərdə qarşılaşacağıq. Sabahdan matçın hazırlığına başlayacağıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq.

- Penalti epizodu ilə bağlı şərhiniz necədir?
- Epizoda diqqətlə baxmamışam. Mən başqa sual vermək istəyirəm. Bu, bizim hücum zamanı olsaydı, penalti veriləcəkdi? Qaydalar elədir ki, komandanın adını bildirməyək. Bir komandaya penalti vermək istəyəndə hər zaman onu edə bilərsən. Təbii ki, penalti olduğu əsaslandırılacaq. Sizi inandırım ki, əks qapıya olsaydı, əsaslandırılacaqdı ki, penalti deyil.  Artıq 1 il 6-7 aydır bunun işindəyəm. Ona görə təəccüblənmirəm. Çalışıb öz işimizi görürük. İnşallah, Allahın köməyi ilə istədiyimiz nəticəni qazanarıq.