Rəşad Sadıqov: "Hakimlikdən danışmağın xeyri olsa, danışaram"
09.04.2022 - 18:59
Rəşad Sadıqov: "Hakimlikdən danışmağın xeyri olsa, danışaram"

“İlk yarı sönük keçdi. İkinci hissədə daha baxımlı oyuna şahid olduq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Premyer Liqanın “Sabah”la qarşılaşması barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Həmişə “Sabah”a qarşı birinci hissədə oynamaq, istədiyini həyata keçirmək  çətindir. Amma səbirli olub, dəqiqələr keçdikcə, alışıb, komandaya qarşı istədiyin futbolu oynamaq olar. Ümumi gedişat da bu idi. Biz də, onlar da ehtiyatlı başladıq. Oyun da mərkəz də keçirdi. Nə bizim, nə rəqibin imkanları olurdu. Amma təəssüflər olsun ki, birinci hissənin sonlarında ani diqqətsizlikdən cərimə zərbəsi oldu. Bu komandanın standart vəziyyətlərdən çox təhlükəli olduğunu bilirdik. Cərimə meydanında qapıçı ilə müdafiəçi ikisi də topa getdi və hissənin sonlarında rəqibə üstünlük qazandırdıq. Rəqibə üstünlük verdikdən sonra oyunu dəyişmək asan deyil. İkinci hissəyə fəal başladıq, böyük qüvvə ilə hücuma atıldıq. Hesabı da bərabərləşdirdik, oyun bizim üçün pis getmirdi. Müdafiədə növbəti səhv oldu. Belə səhvlərdən sonra qələbə qazanmaq çox çətindir. Ola bilər ki, hansısa rəqibə qarşı matçda belə kobud səhvlərə yol verəsən və nəticəyə təsir etməsin. Amma rəqibin heyətində belə usta oyunçular varsa və belə asanlıqla qol epizodları yaradıb qol vurmaqlarına imkan yaradırsansa, görüşü dəyişmək çətindir. Kobud səhvlərdən qollar buraxsaq da, komanda sonra xarakter nümayiş etdirdi. Böyük qüvvə ilə irəli atıldıq. Oyun böyük üstünlüyümüzlə keçdi. Qol imkanlarımız olmasa da, təhlükəli hücumlarımız oldu. Rəqib də yaxşı müdafiə olunurdu və fərqlənməyimizə imkan vermədilər. Sonda bütün komanda ilə irəli atılmışdıq və üçüncü qolu buraxdıq. Bu da nəticəni dəyişmirdi. Ümumi 90 dəqiqəni komandanın çıxışından razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Amma bu tip oyunlarda belə komandaya qalib gəlmək istəyirsənsə, müdafiədə daha diqqətli və səliqəli, hücumda bir az dəqiq olub nəticə qazanmalısan". 

- Davit Volkov uzun müddətdir qol vurmur, kölgədə qalıb. Qışda təkliflər aldı, buraxmadığınız üçün ürəksiz oynayır...
- Ürəksiz oynamır. Futbolçular kimi insanlar da cürbəcür olur. Volkov çox yaxşı insandır. Bir insan kimi də, futbolçu kimi də onun xətrini çox istəyirəm. Çox həssas insandır. Özü ilə də söhbətlərimiz olub. Hiss olunur ki, təkliflər, milliyə çağırılıb aparıcı oyunçuya çevrilməsi psixoloji cəhətdən təsir edir. Mənim üçün əsas bu deyil, onun meydandakı oyunudur. Davit son qarşılaşmalarda, xüsusilə “Neftçi” ilə matçda yaxşı oynadı. Sadəcə qol vurmur. Həmişə imkanlardan istifadə etmək olmur. Rəqibin bizdən üstünlüyü odur ki, düşən fürsətlərdən yaxşı istifadə etdilər, nəinki biz. Biz onlara qol vurmağa çox asan imkan verdik. Belə olanda oyunu dəyişmək də çox çətin olur.

- Liderlə xal fərqinin artması, sıxlığın yaranması ilə komandada psixoloji gərginlik yarana bilər? 
- Biz buna hazır idik. Bilirdik. Dörd gündən bir oyun keçirəcəyik. Kubokda oynamaması “Sabah”ın rəqiblərlə müqayisədə üstünlüyü olacaq. Amma artıq öyrəşməliyik. İddialı olmaq, titul qazanmaq,  avrokuboklara düşmək və orada uğurlu çıxış etmək istəyiriksə, sıx qrafikə hazır olmalıyıq. Heyətimizdə yetərincə təcrübəli legionerlər, milli üzvləri var ki, 3-4 gündən bir oynamağa öyrəşiblər. O ki qaldı xal fərqinə, geri boylansaq görərik ki, qış fasiləsində 3-cü yerlə xal fərqində 3 xal geridə idik. Bu xalları da qazanan biz idik. Ona görə qəti şəkildə həyəcanlanmamalıyıq. Əksinə, indi biz 3-cü yerdəyik. “Qəbələ” bizdən bir oyun az keçirib. Qələbə qazansalar belə biz qış fasiləsindən sonra xal fərqini azaltmışıq. Fasilədən sonrakı çıxışımızı nəzərə alsaq, uğurlu gedir. Növbəti oyunlarda da uğurlu çıxış etməliyik. Çox çətin qrafikə düşdük. Dörd oyunun üçü səfərdə olacaq: “Sabah”, “Qəbələ”, Neftçi”, evdə “Qarabağ”. Bu oyunlarda xal itkiləri gözlənilən idi. Amma oyun göstərdi ki, “Neftçi” ilə görüşdə qələbə qazana, bu gün məğlub olmaya, daha çox xal toplaya bilərdik. Amma hər şeyi ehtimal etdiyin kimi olmur. Ona görə də yolumuza davam etməliyik, önümüzə baxmalıyıq. Bizi qarşıda “Səbail”lə matç gözləyir. Çox vacib matçdır. “Neftçi” “Sabah”la qarşılaşacaq. Bizim üçün oyun ikiqat vacibdir. Bu görüşü unudub, qarşıdakı 6 qarşılaşmanı düşünməliyik.

- Ötən oyundan sonra bu dəfə hakimlər açıq-aşkar komandanıza qarşı olmadı...
- Şərh vermək çətindir. Keçmişdə olanlar çoxdur. Hakimlikdən danışmağın xeyri olsa, danışaram. Keçmişdə olan olub. Önümüzə baxmalıyıq. Yetərincə təcrübəm var və bilirəm ki, uğur qazanmaq üçün psixoloji durum yaxşı olmalıdır. Geridə qalan neqativ halları kənara qoymaq lazımdır. Önümüzə baxmalı, qarşıdakı oyunlarda maksimum nəticə qazanmalıyıq.

- Təmkin Xəlilzadənin 19-cu dəqiqədəki epizodunda “Rəşada gələndə, qaydalar dəyişir” dediniz. Nəyi nəzərdə tuturduz?
- Bir epizod oldu ki, bizim futbolçu rəqibi itələdi, hakim cərimə verdi. Ardınca rəqib bizim futbolçunu itələyəndə cərimə təyin edilmədi. Onu nəzərdə tuturdum. İkisi də mərkəzdə eyni epizod idi. Digərləri ilə müqayisədə mən dördüncü hakimlərlə daha az danışıram, amma daha çox diqqət mərkəzindəyəm. Onun da səbəbini bilirəm. Xırda bir irad səsləndirən kimi mənə sual ünvanlanır, ya da sonra mütəxəssislər tərəfindən şərh olunur. Onu da başa düşürəm. Bəlkə də çempionatda Qurban müəllimdən sonra hakimlərlə ən az danışan məşqçi mənəm. Amma bəzən dözülməz həddə çatırsan. İndi bilirəm, üç sarı vərəqəm var. Komandanın yanında olmağım çox vacibdir. Danışmağın da mənasını görmürəm. Nə isə dəyişmir. Səhvlər də bəzən çox olur. Danışıb, özümü yorub, diqqəti yayındırmaq istəmirəm.