Rəşad Sadiqov: “Hər dəfə özümüzü aldadaq ki...” - MÜSAHİBƏ
06.03.2020 - 13:21
Rəşad Sadiqov: “Hər dəfə özümüzü aldadaq ki...” - MÜSAHİBƏ

"Keşlə"nin oynayan məşqçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin Millətlər Liqasının mübarizə aparacağı rəqiblər bəlli oldu. Qrupu necə dəyərləndirərdiz?
- Açıq danışaq, bəlkə də çox ölkələr elə Azərbaycanla düşməyi arzulayır. Özümüzü aldadaq ki, zəif komandalarla düşmüşük, elə deyil. Monteneqro futbolçuları yaxşı klublarda oynayır, Kipr təmsilçiləri hər mövsüm avrokuboklarda qruplarda çıxış edir. Lüksemburq da rəqibinə “dişini” göstərməyi bacarır. Eyni səviyyədə olan komandalardır. Hətta Kiprin bizdən daha üstün olduğunu deyərdim. 

- Yəni kağız üzərində millimiz hər üç komandadan zəif görünür?
- Kağız üzərində çox şey demək olar. Millətlər Liqasının birinci ilində də deyirdik ki, "ay belə edəcəyik, elə edəcəyik". Özünüz də Kosovonu gördünüz. Avropada yaxşı klublarda oynayan futbolçuları da var idi. Heç kim deyə bilməz ki, 100 faiz bu qrupdan çıxmalıyıq və ya çıxacağıq. Elə bir şey yoxdur. Çünki rəqiblər də bunu istəyir və bəlkə də bizdən də yaxşı heyətləi var.

- Bəs qrupdan çıxmaq üçün nə etmək lazımdır?
- Düzdür, rəqiblərimiz o dərəcədə də dəhşət güclü deyillər ki, deyəsən bu qrupdan çıxmaq mümkünsüzdür. Mərhələ adlamaq şansımız da var. Yəni çıxmasaq da, "nə oldu, daha bu qrupdan da çıxa bilmirik?" kimi fikirlər də doğru olmaz. Rəqiblərimizin də planları var və onlar da qrupdan çıxmaq istəyirlər. Şansımız 50-nin 50-dir. 

- Rəqiblərin heyətində güclü liqalarda oynayan futbolçular olduğu halda, bizim millinin üzvləri maksimum Almaniya və İspaniyanın aşağı liqalarında çıxış edirlər...
- Birinci dəfə Millətlər Liqasında qarşılaşdığımız Kosovonu legionerləri irəli apardı. Güclü liqalarda oynamaq, təcrübəli olmaq təsirini göstərir. Biz hansı legionerimizlə öyünə bilərik? Renat Dadaşov, yoxsa Dmitri Nazarovla? Üçüncü və ya dördüncü liqalarda oynayırlar. Normal klubda oynayan Riçard Almeydadır. Başqa varmı? Hər dəfə özümüzü aldadaq ki, Rüfət Dadaşov, Renat Dadaşov, Dmitri Nazarov. 

- Bakıda Lüksemburqla qarşı oynamısız. Səfərdə yoxlama görüşündə qalib də gəlmişik. Necə düşünürsünüz, həmin nəticələri təkrarlamaq olar, yoxsa rəqiblər güclənib?
- Hamısı Avropa klublarında oynayırlarsa, istər-istəməz güclənirlər. Bəlkə də biz geriləyirik. Lüksemburqu elə-belə saysaq da, futbolçuları Avropa klublarında çıxış edir. Ona görə də onlarda inkişaf tam fərqli gedir. Düzdür, çox böyütməyə də ehtiyac yoxdur. Normal komandadır, klubu "Düdelanj" da Avropa Liqasının qrup mərhələlərində oynayır. Bu da onların inkişafından xəbər verir. Monteneqro millisi haqda geniş məlumatım yoxdur. Klubları hansı vəziyyətdədir, futbolçuları haralardadır, bilmirəm. Sadəcə baş məşqçilərinin fikrini oxudum ki, qrupda ən güclü özlərinin olduğunu bildirib. 

- Rəşad Sadıqov, Covanni De Byazi, Ersun Yanal kimi məşqçilərin adı millimizlə hallanır. Onlardan hansı komandamıza uğurlu ola bilər?
- Baş məşqçinin xarici olmasının bir əhəmiyyəti varsa, kimsə çıxsın desin ki, belədir və nəsə edəcək. Əcnəbi mütəxəssislər güclü, inkişaf etmiş ölkələrdə işləyə bilər. Çünki futbolçular göz önündə olur, oyunlara getməsələr də, televizor vasitəsilə futbolçuları izləyə bilirlər. Güclü heyəti olan komandalarda işləmək rahatdır. Bizim kimi ölkələrin millisinin baş məşqçisi elə öz millətimizdən olmalıdır. Çünki yerli məşqçi futbolçularımızı tanıyır, onların xarakterini bilir. Ən azından hər oyunu izləyəcək, baxacaq. Açıq danışaq, xarici məşqçilərin 99 faizi bir-iki oyun baxır sonra gedir öz ölkəsində vaxt keçirir, kimisə göndərir ki, "get oyuna bax". Bu cür futbolçu seçmək olmaz. Milliyə yerli mütəxəssis təyin olunmalıdır.

- Namizədiniz kimdir?
- Yalandan kiminsə adını çəkə bilmərəm. Sadəcə yerli baş məşqçinin olmasını istəyirəm.

- Sezar Meza Kollinin milliləşdirilməsinə necə baxırsız?
- Təkcə, Sezar Meza Kollinin adının üstündə dayanmaqlarının adını bilmirəm. Ondan öncə də belə hallar olub. Hər dəfə 7-8 legioneri milliləşdirib, oynadırdıq. Onların hansısa yığmaya nəsə verib? Heç biri. O vaxtı heç kim danışmırdı. İndi niyə belə edirlər? Sezar guya Nazarovdan zəifdir? O, Dadaşovlardan da, Nazarovdan da güclüdür. Hər yerdə ötürmə verən, açar oyunçu, 10 nömrə olmalıdır. Azərbaycanda bunu kim bacarır? Nazarovun hansısa mükəmməl ötürməsini görmüsüz? Ancaq uzaqdan zərbə vurur, özü üçün oynayan futbolçudur. Nazarovu milliləşdiriblər, xeyri var? Yoxdur. Bəlkə elə Sezar ondan çox xeyir verəcək. O, birə-bir kimi istəyirsən keçir, zərbələri var, ağıllı ötürmələri var. Çox sərbəst futbol oynayır. Bir misal çəkim. Kosovo ilə səfər matçına baxdım, Nazarovun da oyununu gördüm, milli 10 nəfərlə oynayırdı. O, səfərdəki qarşılaşmada meydanda yox idi. Özü də o tək yox, digər legionerlər də. Elə həmin görüşü də onlar uduzdular. Düzdür, Kosovo güclü idi. Amma meydanda nə qədər legionerimiz var idisə, hamısı potensialından çox-çox aşağı çıxış etdi. Nazarov 10 oyundan bir penaltidən qol vuracaqsa, bu o demək deyil ki, o nəsə edir, meydanda var. Eşitdiyimə görə, Nazarov 90 faiz oyunlarda uşaqlarla yola getmir. Guya Avropadan gəlir deyə, belə edir. Ona sual verən lazımdır ki, Avropanın hansı klubunda oynamısan? "Qarabağ", "Neftçi", "Qəbələ", "Keşlə"dən güclü klubda oynayırsan? Avropa Liqası, Çempionlar Liqası görməyib. Məhz bunlara görə Nazarovu sevmirəm.