Samir Musayev: “Qurban Qurbanov buna imkan verməz” - MÜSAHİBƏ
13.02.2020 - 17:59
Samir Musayev: “Qurban Qurbanov buna imkan verməz” - MÜSAHİBƏ

"Qarabağ" və Azərbaycan milli komandasının sabiq hücumçusu Samir Musayevin apasport.az saytına müsahibəsi

- "Qarabağ" ölkə çempionatının vahid lideridir və ən yaxın izləyicisi "Neftçi"ni 8 xal qabaqlayır. Ağdam təmsilçisinin çempionluq şansını əldən verməyəcəyinə inanırsınız?
- Səkkiz xal fərqi "Qarabağ" kimi komanda üçün böyük üstünlükdür. Onların Azərbaycan çempionatı kimi bir yarışda bu şansı əldən verəcəyinə inanmıram. Çünki Qurban Qurbanov buna imkan verməz.

- "Qarabağ" altı mövsümdür ki, çempion olur və heç bir klub onların hegemonluğuna son qoya bilmir. Sizcə, ağdamlıları nəyə başqa klublar dayandıra bilmirlər?
- "Qarabağ"ın özünəməxsus oyun üslubu var. Onların oyunçu seçimləri də mükəmməldir. Komandada təcrübəli futbolçular yer alıb. "Qarabağ" bütün komponentlərdə rəqiblərindən üstündür. Digər komandaların da oyunçu seçimi yaxşı olmalıdır. Əlbəttə ki, bu maliyyə dəstəyindən də asılıdır. Digər klubların güclənməsi həm çempionatı maraqlı edəcək, həm də komandalarımızın avrokuboklarda oyunlarına böyük kömək olacaq. Millimizə də yaxşı mənada böyük təsir edəcək.

- Bu qış komandadan ayrılanlar az olmadı. Riçard Almeyda, Dani Kintana, Asmir Beqoviç, Simeon Slavçev yola salındı. Necə düşünürsünüz, daha çox hansı futbolçunun gedişi "Qarabağ"a mənfi təsir edəcək?
- Azərbaycan çempionatında inanmıram ki, elə də təsir etsin. Çünki komandada yetərincə təcrübəli və gənc futbolçular var. Amma avrokuboklarda Riçard Almeyda və Asmir Beqoviç kimi futbolçuların yoxluğu hiss oluna bilər. Buna baxmayaraq, Qurban Qurbanovun avrokuboklar üçün lazımı transferlər edəcəyinə inanıram.

- Yeni transferlərə çox ehtiyac var?
- Dediyim kimi, daxili çempionat üçün lazım deyil. Amma avrokuboklar üçün lazım olacaq.

- Hazırda "Qarabağ"ın qapısını Şahruddin Məhəmmədəliyev qoruyur və iki oyuna qol buraxmayıb. Ona qədər komandada əsas qapıçı statusu daşıyan Asmir Beqoviçin "Qarabağ"dakı işinə necə qiymət verərdiniz? 
- Asmir yaxşı qapıçıdır ki, "Milan" kimi böyük kluba transfer olunub. Onun bura vaxt keçirmək üçün gəldiyinə inanmıram. Beqoviçin komandaya köməyi də dəydi. Məhəmmədəliyev gənc qapıçıdır və hazırda çempionatın ən yaxşı çərçivə qoruyucularından biridir. "Qarabağ"a çempionatda hələ çox kömək edəcək.

- "Qarabağ"ın yeni transferi Ovusu Kvabene "Neftçi" ilə görüşdə debüt etdi. Onun oyununu necə dəyərləndirərdiz?
- Ovusunun ilk oyunu idi. Hələ bir şey demək çətindir. Çempionatımıza bir az adaptasiya olsun, sonra nəsə söyləmək olar. Amma "Qarabağ"a xeyir verəcəyinə inanıram.

- "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynadıqdan sonra hələ ki, eyni uğuru təkrarlaya bilmir. Sizcə, onlar bir daha bunu bacara biləcəklərmi?
- Niyə də olmasın? "Qarabağ" öz oyunu ilə buna nail olub. Davamını gətirəcəklər. Yəqin ki, avrokuboklar zamanı komandada yeni oyunçular görəcəyik. Bu futbolçularla da qrupa düşmək olar.

- Azərbaycan millisinin baş məşqçi postu hələ də boşdur. Millimizə yerli, yoxsa xarici məşqçi kömək edə bilər? 
- Həmişə demişəm ki, bizdə yetərincə baş məşqçi ola biləcək mütəxəssislər var. Sadəcə onlara inanmaq, güvənmək lazımdır.

- Sizin namizədiniz kimdir?
- Mənim namizədlərim Qurban Qurbanov və Şahin Diniyevdir. Əcnəbi məşqçiyə ehtiyacımız yoxdur. Çünki indiyə qədər heç bir legioner məşqçi millimizdə uğur qazana bilməyib. 

- AFFA-nın Abdullah Avcı ilə görüşdüyü və onu yığmanı baş məşqçi postuna gətirmək istədiyi deyilsə də, Türkiyə mətbuatı mütəxəssisin millidə çalışmaq istəmədiyini yazıb...
- Kimi istəyirlər gətirsinlər. Mən yerli məşqçinin olmasının tərəfdarıyam. Əlimizdə yaxşı futbolçular olmalıdır, çempionatımızda "Qarabağ" kimi komandaların sayı artmalıdır. Avropadakı klublarda gənc futbolçularımız oynamalıdır ki, millimiz də uğur qazansın.