Şaxruk Qadoyev: “Hakim qolu saysaydı, "Səbail"i məğlub da edə bilərdik” - MÜSAHİBƏ
12.02.2020 - 15:50
Şaxruk Qadoyev: “Hakim qolu saysaydı, "Səbail"i məğlub da edə bilərdik” - MÜSAHİBƏ

"Keşlə"nin özbəkistanlı futbolçusu Şaxruk Qadoyevin apasport.az saytına müsahibəsi

- "Keşlə" qışdan sonra iki matçdan yalnız birini udub, digərini uduzub. Qeyri-stabil oyunu nə ilə əlaqələndirərdiz?
- Uduzduğumuza görə çox üzüldüm. Amma inanın ki, sonuncu oyunda uduzmağımızın səbəblərini hələ də anlamamışam.

- "Səbail"ə qalib gələcəyiniz gözlənilsə də, evdə autsayderlə bacarmadız. Demək olar ki, arxayınlığın qurbanı oldunuz?
- Bəxtimiz də gətirmədi. Oyuna yaxşı köklənmişdik. Lakin yenə də uduzduq. Halbuki qol vurmaq üçün imkanlarımız da çox idi.

- "Keşlə"ni məğlubiyyətdən xilas edə bilərdiz. Fərqlənsəz də, baş hakim əllə oyuna görə qolu qeydə almadı. Qayda pozuntusu var idi, yoxsa baş referi bir xalınızı əlinizdən aldı?
- Baş hakim mənə yaxın idi, bu cür qərar verdi. Onun qərarını şərh etmək istəmirəm. Məncə, həmin epizodda qol qeydə almaq olardı. Əgər baş hakim vurduğum qolu saysaydı, nəyinki bir xal, hətta "Səbail"i məğlub da edə bilərdik.

- "Keşlə" növbəti turda "Neftçi" ilə qarşılaşacaq. Necə düşünürsünüz, səfərdə onları uda bilərsiniz?
- "Neftçi"yə qarşı oyuna yaxşı hazırlaşırıq. Çünki matçın çətin keçəcəyini yaxşı anlayırıq. "Neftçi" də güclü komandadır, lakin yaxşı olacağına inanırıq. Hər şeyi meydanda sübut etmək istəyirik.

- Komandanız hazırda lider "Qarabağ"dan 9 xal geri qalır. Çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
- Biz avrokuboklara getmək istəyirik. Mövsümün ikinci yarısı hələ yeni başlayıb. Rəqiblərimizlə xal fərqi o qədər də çox deyil. Ona görə də hər şeyin lap yaxşı olacağına, istəyimizə çatacağımıza inanıram. Hər qarşılaşmaya ciddi hazırlaşıb, qələbə üçün meydana çıxırıq.
 
- Özbəkistan millisinə dəvət edilirsiniz. Karyeranızı Azərbaycanda davam etdirməyiniz milliyə yolunuzu bağlamayacaq ki? Ölkənizdə Azərbaycan çempionatına münasibət necədir?
- Milli komandaya qapılar heç vaxt bağlanmır. Harada oynadığından asılı olmayaraq, yığmaya hər zaman ən yaxşılar dəvət edilir. Azərbaycan çempionatı olduqca güclüdür. Burada çox legioner oynayır. Zəif liqa olsaydı, bura əcnəbilər gəlməzdi.

- Çoxdandır ki, özbəkistanlı futbolçular Azərbaycana gəlmək istəmirlər. Bu ölkənizdə yaxşı pul qazanmağınızdan irəli gəlir?
- Əvvəllər Bahodir Nəsimovun burada oynadığını bilirəm. O, uzun müddət Azərbaycan çempionatında çıxış edib. Amma heç vaxt özbəkistanlı futbolçuların Azərbaycana gəlməkdən imtina etməsini eşitməmişəm. 

- Azərbaycanda sizə kimi özbək oyunçulardan Bahodir Nəsimovlə yanaşı, Alibobo Rahmatullayev və Oleq Belyakov da çıxış edib. Onları tanımırdız? 
- Bahodiri çox istəyirəm. Alibobo və Belyayevin Azərbaycanda oynamasından isə xəbərim yox idi. Premyer Liqanın səviyyəsi yaxşıdır. Bahodir də mənə hər zaman bunu deyirdi. Uzun illərdir ki, Azərbaycan klubları Avroliqada qrup mərhələsində oynayırlar. 

- Bakıda yaşamağa alışmısınız? Adaptasiya çətin keçmir ki? 
- Bakı çox xoşuma gəlir. Buraya gələndə də heç bir problem yaşamadım. Hər şeydən razıyam, özümü Bakıda xoşbəxt hiss edirəm.