Sezar Meza Kolli nə vaxtdan yerli futbolçuya çevrilə bilər?
18.02.2020 - 15:19
Sezar Meza Kolli nə vaxtdan yerli futbolçuya çevrilə bilər?

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli cari mövsümün gedişində yerli futbolçu kimi Premyer Liqada çıxış edə bilər.

Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi bildirib ki, paraqvaylı oyunçunun milliləşdirilməsi ilə bağlı hələ müəyyən prosedurlar tələb olunur: “Milliləşdirmə üçün FIFA-ya müraciət olunmalı, ali futbol qurumu araşdırıb müsbət qərar verdikdən sonra futbolçunun pasportu dəyişdirilməlidir. Vətəndaşlıq pasportu verildikdən sonra onu əcnəbi statusundan çıxarıb, yerli kimi qeydiyyata ala bilərik. Əgər Sezar Meza Kolli mövsümün gedişində Azərbaycan vətəndaşlığını alsa, həmin gündən etibarən yerli statusda çıxış edəcək. Çünki legioner futbolçu milli komandada oynaya bilməz”.

Qeyd edək ki, 2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Sezar Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.