“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, paraqvaylı futbolçu komandasının hazırkı durumunu dəyərləndirib.
31 yaşlı pleymeyker Premyer Liqanın XVII turunda “Sabah”la fevralın 27-də keçiriləcək qarşılaşmaya da qələbə üçün çıxacaqlarını söyləyib.
- Azərbaycan Kubokunda yarımfinala yüksəldiniz, ardından “Keşlə” ilə çempionat matçında inamlı qələbə qazandınız. Hər iki görüşdə sizin də əməyiniz oldu...
- Allaha şükürlər olsun ki, qələbə qazanıb yarımfinala çıxa bildik. Deməzdim ki, bu mənim sayəmdə oldu. Bəli, əməyim oldu, amma bütün komanda yoldaşlarımın sayəsində. Onlarla oynayanda özümü çox rahat hiss edirəm. Bu qələbə bütün komanda üzvlərinin, məşqçilərin işidir. Biz birlikdə daha yaxşıyıq.
- Bu mövsüm Premyer Liqada 3 qola imza atmısınız ki, bunlardan 2-si keçmiş klubunuz “Keşlə” ilə görüşdə olub. Bunun xüsusi səbəbi var?
- Bəli, buna sevinirəm, amma xüsusi bir şey yoxdur. Mən hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram. Əsas odur ki, qalib gəldik.
- Qarşıdan Premyer Liqanın XVII turunda “Sabah”la çətin səfər matçı gəlir. Necə düşünürsünüz, kubok oyununda olduğu kimi, bu dəfə də “Bank Respublika Arena”dan qalib ayrıla biləcəksiniz?
- Bu həftə hazırlığa başlamışıq. 95 dəqiqəlik oyuna köklənməliyik. Bütün komanda hazır olsa, yaxşı nəticə qazanacağıq.
- Xüsusilə son iki qarşılaşmada göstərdiyiniz oyunla azarkeşlərin rəğbətini qazanmısınız. Onlara sözünüz varmı?
- Hər matçda azarkeşlərin dəstəyi çox vacibdir. Buna çox ehtiyacımız var. “Sabah”a qarşı növbəti görüşdə hər birini gözləyirik. Dəstəyinizə ehtiyacımız var.