Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev yay “transfer pəncərəsi”ndə klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı şərəfini qoruduğu "Neftçi"dən ayrılmaq niyyətindədir.
“Ağ-qaralar”ın əsas heyətində yerini itirməkdə olan qolkiper mövsümün sonunda təklifləri dəyərləndirmək fikrindədir. Belə variantlardan biri digər paytaxt təmsilçisi "Sabah"la bağlıdır.
Hələ yayda Ağayevi heyətinə qatmaq istəyən paytaxt klubu istəyinə nail olmamışdı. Legioner qapıçıların ümidinə qalan “Sabah” yerli əlcək sahibini yayda transfer etməyə çalışacaq.
Lakin Səlahət karyerasını ölkə xaricində də davam etdirə bilər. Onun ölkə xaricinə yollana biləcəyi də istisna deyil.
Qeyd edək ki, Ağayev Premyer Liqada 55-i “Neftçi”də olmaqla 192 matç keçirib.