"Keşlə"nin futbolçusu Slavik Alxasovun apasport.az saytına müsahibəsi
- Bir neçə gündür ki, məşqləriniz dayanıb. Günü necə keçirirsiniz, fərdi məşqlər edə bilirsiz?
- "Sabah"la oyuna hazırlaşırdıq. Xəbər verdilər ki, oyunlar təxirə salınır, məşqlər də dayanacaq. Həmişəki kimi çox vaxt evdə oluram. Hələ ki, məşq etmirəm.
- Özünüzü koronavirusdan necə qoruyursunuz?
- Məncə panikaya düşmək olmaz. Sadəcə olaraq həmişə təmizliyə riayət etmək lazımdır. Onsuz da çox vaxt evdə oluram.
- PFL-in oyunları təxirə salmasını necə qarşıladınız? Sizcə, matçlar Türkiyədəki kimi azarkeşsiz keçirilə bilərdi?
- Mən verilmiş bütün qərarlara hörmətlə yanaşıram. Əgər belə məsləhət görüblərsə, biz də öz növbəmizdə buna riayət etməliyik. Sadəcə yeni xəbərləri gözləyirik.
- Çox insan koronavirusa yoluxmasa belə, panikaya düşərək mağazalara yollanır və hər şeyi artıqlaması ilə alırlar. Siz də son günlərdə böyük bazarlıq edənlərdənsiniz?
- Xeyr, mən belə etməmişəm. Panikaya düşmək olmaz, necə yaşayırıqsa, elə də hərəkət etməliyik. Sadəcə təmizliyə riayət olunmalıdır, çox insanla ünsiyyətə girməməliyik. Bazarlığa gəlincə, evimizin yanında mağaza var, istədiyim ərzaqları gedib oradan alıram.
- Liqanın bərpa olunacağına ümidlisiniz?
- Bunu hələ bilmirik. Bütün bunlara futbolda məsul şəxslər qərar verir. Bizim işimiz oynamaqdır. Necə olacağını zaman göstərəcək.
- İtaliyada çempionatında "Yuventus", İngiltərədə "Liverpul" çempion elan edilə bilər. Yəni çox ölkədə liderlər çempion elan edilə bilərlər. Azərbaycanda "Qarabağ"ın çempion elan edilməsini necə qarşılayardınız?
- Düzdür, demək olar ki, bütün Avropada futbol dayanıb. Virusa yoluxan oyunçular da var. Necə olacağına UEFA qərar verəcək, indidən nəsə demək doğru olmaz. Bu, zarafat deyil, bütün dünyada öndə gedən liqalar belə dayandırılıb. İstənilən halda qərarları UEFA verəcək.
- "Keşlə" hazırda turnir cədvəlinin üçüncü pilləsindədir. Mövsümün başa çatdırıldığı elan olunsa, sizə sərf edəcək?
- Əgər çempionat bu cür başa çatdırılsa, biz Avropa Liqasına yollanacağıq. Yəni davam etdirilməməsi də bizə sərf edəcək. Yenə də gözləyək, necə qərar verəcəklərsə ona da riayət edəcəyik. Əsas insanların sağlamlığıdır.
- Daha çox yaşlıların koronavirusa yoluxduğu deyilsə də, İspaniya, İngiltərə və İtaliyada tanınmış futbolçular da bu virusa yoluxub. Bu növ xəbərlər sizi də panikaya salır?
- Məni heç nə panikaya salmır. Kimin qisməti necədirsə, elə də olacaq. Ona görə də panikaya düşməyə ehtiyac yoxdur, xəstəlik yaşlı və ya cavana baxmır.
- Millinin baş məşqçi postuna Tərlan Əhmədov da namizəd idi. Amma görünən budur ki, millini xarici mütəxəssis çalışdıracaq. Necə düşünürsünüz, milliyə yerli, yoxsa xarici mütəxəssis kömək ola bilər?
- Xarici və ya yerli mütəxəssis fərqi yoxdur, bu, bizim işimiz deyil. Bu məsələyə baxan futbol adamları var, biz sadəcə futbol oynamalıyıq. Çünki bizim bu işlərə qarışmağımız doğru deyil. Amma baş məşqçi yerli olsa, məncə, yaxşı alınar.