Tarixin ən məhsuldar 5 qolçusu – paytaxt klubunda
22.05.2021 - 13:22
Tarixin ən məhsuldar 5 qolçusu – paytaxt klubunda

İtaliya A seriyasının XXXV turunda “Parma” üzərində 1:0 hesablı qələbənin memarı olan “Latsio”nun hücumçusu Çiro İmmobile vurduğu qolla klubun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard 5 ildir formasını geyindiyi Roma təmsilçisində 150-ci qolunu vuraraq yeni rekord müəyyənləşdirib.

Bəs İmmobile klub tarixinin qol rekordunu yeniləmək üçün kimləri geridə qoymalı olub? Bu yazıda “Latsio” tarixinin 5 məhsuldar oyunçusunu tanıyacağıq.

1. Çiro İmmobile - 150 qol
2016-cı ildə “Sevilya”dan 9,4 milyon avroya transfer edilən Çiro ilk mövsümündə 23 dəfə fərqlənməklə azarkeşlərin könlündə taxt qurmağı bacardı. Yalnız 2018/19 mövsümündə 20 qol səddini keçə bilməyən forvard artıq rekordun tək sahibidir. “Latsio”nun heyətində 217 görüşdə 150 qola çatan İmmobilenin aktivində 42 məhsuldar ötürmə də var.

2. Silvio Piola - 149 qol
İmmobilenin rekordunu yenilədiyi Piola İtaliya tarixinin ən güclü hücumçularından sayılır. O, 274 qolla A seriyasının hələ də ən məhsuldar oyunçusudur və bir matçda 6 qol vuran yeganə futbolçudur. 1934-cü ildən 1943-cü ilə qədər romalıların formasını geyinən Piola bu qədər qola rəğmən heç vaxt A seriyası çempionu ola bilmədi.

3. Cüzeppe Sinyori - 127 qol
1992-ci ildə “Foccia”dan “Latsio”ya keçən Sinyori Roma təmsilçisinin heyətində 127 qol vurub. Beş il ərzində 3 dəfə çempionatın bombardiri ünvanına yiyələnən forvard “gənc qartallar”ın simvoluna çevrildi.

4. Corcio Çinalya - 121 qol
1969-cu ildə “Latsio”ya keçən və 1976-cı ilə qədər “ağ-mavilər”in şərəfini qoruyan Çinalya 1973/74 mövsümünün bombardiri olaraq komandanın çempionluğunda önəmli rol oynadı.

5. Bruno Cordano - 114 qol
Cordano “Latsio”da olarkən bir dəfə A seriyasında, bir dəfə də B seriyasında bombardirliyə yiyələndi.