Avrokubokların pley-offunda daha bir oyunun məkanı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, Norveç klubu “Molde” ilə Almaniya təmsilçisi “Hoffenhaym” arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu alternativ meydanda keçiriləcək.
Koronavirus pandemiyası səbəbindən Norveç ərazisinə giriş qaydaları əlverişsiz olduğundan, UEFA görüşün İspaniyada baş tutmasını qərara alıb. “Molde” rəqibini fevralın 18-də Vilyarrealdakı “Keramika el-Madriqal” stadionunda qəbul edəcək.
UEFA bundan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq” – “Liverpul” oyununun Budapeştdə, “Atletiko” – “Çelsi” matçının isə Buxarestdə keçirilməsini qərara alıb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilməli olan “Qarabağ” – “Molde” görüşü Norveç hökumətinin tətbiq etdiyi qadağalar səbəbindən Kiprin Larnaka şəhərində oynanılıb. 0:0 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında 6:5 hesablı qələbə qazanan “Molde” pley-offa yüksəlib, “Qarabağ” isə Avropa Liqasına yuvarlanıb.