Üçüncü texniki nəticə - “Qarabağ”ı nə gözləyir?
09.12.2020 - 10:42
Üçüncü texniki nəticə - “Qarabağ”ı nə gözləyir?

Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Vilyarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq.

UEFA koronavirus pandemiyasına üzündən oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb.

2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib - +:- (3:0).

Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epallenin xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi Monteneqro klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb - -:+ (0:3).
 

0