Vaqif Cavadov: “Neftçi” çempionluğa layiq oyun göstərmir” - MÜSAHİBƏ
05.05.2021 - 14:54
Vaqif Cavadov: “Neftçi” çempionluğa layiq oyun göstərmir” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXV turunda “Qarabağ”la “Neftçi” arasında xal fərqi 1-ə endi. Son 3 tur öncəsi çempionluq yarışı barədə proqnozunuz nədir?
- Çempionatda son oyunlar gərgin keçir. Hakim səhvləri bu gərginliyi daha da artırır. Bütün bunlar azarkeşlərə çempionatın maraqlı keçməsini düşünməyə vadar edir. Amma digər tərəfdən səviyyə o qədər yüksək olmadığı üçün nəsə demək də çətindir. Düzdür, son oyunlarda “Qarabağ” xal itkiləri ilə vəziyyəti bu duruma gətirdi. Amma sərgilənən oyun göstərir ki, “Qarabağ” çempionatın ən güclüsüdür. Sadəcə, Ağdam klubu futbolçularının çoxunun zədəli olması səbəbindən çətinlik çəkir. Buna baxmayaraq, məncə, “Qarabağ” çempionluğu əldən verməyəcək.

- “Qarabağ” ikinci yarıdan 18 futbolçu ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Belə kasad heyətlə mübarizə aparmaq bir az da onların öz günahı deyilmi?
- Mən belə düşünmürəm. Adətən məşqçilər deyir ki, mənə iki eyni gücdə heyət lazımdır. Amma iki heyətin başı bəlalı olur. Hər mövqedə eyni səviyyəli iki oyunçu olsa, baş məşqçinin seçimi problemlər yarada bilər. Hər bir komandanın daim oynayan və formada olan 14-15 futbolçusu olur. İnanmıram ki, “Qarabağ”da belə bir problem var. Əsas problem pandemiya ilə bağlıdır ki, bunu da hər bir komanda yaşayır. “Qarabağ” illərdir çempionluğa oynayır, bu il də həmçinin. Bu komanda bu mövsüm də öz sözünü deyəcək.

- “Qarabağ” növbəti turda Ramin Quliyevin gəlişindən sonra yüksəlişə keçən “Sabah”la qarşılaşacaq. Həftəsonu lider dəyişə bilərmi?
- Çempionluq matçının son tura qalması hamı üçün maraqlı olar. Yəqin ki, “Neftçi” də, “Qarabağ” da bunu istəyər. Çünki “Neftçi” “Qarabağ”a qalib gəlməklə çempionluğa layiq olduğunu sübut etmək istəyəcək. “Qarabağ” isə ən güclü olduğunu göstərmək üçün həmin matçda qələbə qazanmağa çalışacaq. O ki qaldı “Sabah”a, Ramin Quliyevin baş məşqçi təyinatından sonra bu komanda, həqiqətən də, yüksəlişdədir. Yenə yerli və gənc məşqçi. Buna görə də, ispaniyalı, xorvatiyalı məşqçiləri burada saxlamağın bir mənası yox idi. “Sabah” bunu başa düşəndə artıq gec idi. Yaxşı futbolçuları var, baxımlı oyun nümayiş etdirirlər. Ramin Quliyevi növbəti mövsüm də saxlasalar, o zaman komandanın çıxışı barədə konkret nəsə demək olar.

- Sizcə, çempionluq yarışı son tura qalacaq?
- Ümumiyyətlə, 8 komandanın hamısı mübarizə aparır. Kimisi çempionluğa, kimisi Avropa Liqasına düşməyə oynayır, kimisi sonuncu yeri tutmaq istəmir. Doğrudur, Premyer Liqanı tərk edən olmayacaq. Amma heç biri axırıncı yeri tutmağı istəməz. Son turların nəticələri göstərir ki, futbolda istənilən nəticə qeydə alına bilər.

- Favoritinizin “Qarabağ” olduğunu dediniz. O zaman Ağdam klubunun axırıncı turda “Neftçi”yə uduzmayacağını düşünürsünüz?
- Çempionluq matçında hər iki komanda qələbə üçün vuruşacaq. “Qarabağ” mənə doğma komandadır və indiki məqamda favoritdir. Çempionluğa da tam hazırdır. Düzdür, “Neftçi” də yavaş-yavaş toparlanır, amma hələ də çempionluğa layiq oyun göstərmir. Gələn mövsüm necə olacaq, bilmirəm. Fakt odur ki, bu gün “Qarabağ” güclüdür.

- “Sumqayıt”la “Zirə” arasında da bürünc medal uğrunda mübarizə gedir. Bu komandalardan biri 4-cü yeri tutsa, avrokuboklardan kənarda qala bilər. Hansını şanslı sayırsınız?
- “Sumqayıt”a bir az çətindir. İlk növbədə ona görə ki, gənc oyunçuları çoxdur. Cavanları stabil saxlamaq çətindir və üstəlik, son vaxtlar onlar çox sıx qrafikdədirlər. Bu da stress yaradır. “Zirə” isə son oyunlardakı nəticələrinə və bəzi səhvlərinə görə bu duruma düşüb. Yekun nəticədən asılı olmayaraq, hər iki komanda bu mövsüm çempionata rəng qatdı, oyunları ilə rəğbət qazandı. Mövsümün əvvəlində heç kim “Sumqayıt”ın bürünc medala iddia edəcəyini gözləməzdi. “Zirə” hətta ikinci yer uğrunda da yarışa bilərdi. Sadəcə, zədələrin çoxluğu indiki vəziyyətə gətirdi. 

- Sizcə, həm qızıl, həm də bürünc medal uğrunda mübarizədə həlledici rolu nə oynayacaq?
- İlk növbədə hər bir kluba uğurlar arzu edirəm. Kim vəd etdiyi maaşı, mükafatı versə, o da hədəfinə çatacaq. Nəzərə alaq ki, burada oynayan əcnəbi futbolçular da ayın sonunda evlərinə gedəcəklər. Hətta bəzilərinin müqavilə müddəti bitir. Onlar üçün mükafatı, maaşı öncədən almaq önəmlidir. Belədə daha yüksək əhval-ruhiyyədə meydana çıxacaqlar.

Ruslan Sadıqov
 

0