Xətai Bağırov: “Cəzasız, zədəsiz və bəhanəsiz oyun olacaq” - MÜSAHİBƏ
29.01.2020 - 14:28
Xətai Bağırov: “Cəzasız, zədəsiz və bəhanəsiz oyun olacaq” - MÜSAHİBƏ

Azərbaycan millisinin futzalçısı Xətai Bağırovun apasport.az saytına müsahibəsi

-  Bu gün dünya çempionatının elit-raind mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaqsız. Ümumilikdə, komandanı oyunlara hazır hesab etmək olar?
- Artıq burada 3-4 məşq etmişik. Legionerlərimiz də hamısı bizə qoşulub. Məncə, tam hazırıq. Bu gün çətin yolda ilk addımı atacağıq. Çünki birinci oyun çox vacibdir. 

- Özbəkistanla yoxlama görüşündəki məğlubiyyət millinin özünəinamını azaltmayıb ki?
- Özbəkistanla oyunda bizə nəticə yox, komandanın hazırlığı vacib idi. Hazırlıq oyunuyla elit-raunda yanaşma fərqlidir. Heç bir inamsızlıqdan söhbət gedə bilməz. Ümidvaram ki, vətənə yaxşı nəticə ilə qayıdarıq.

- Birinci oyununuz ev sahibi Xorvatiyaya qarşıdır. Təqvim uğursuzdur, yoxsa fərqi yoxdur? 
- Birinci oyunun xorvatlarla olması yaxşıdır. Cəzasız, zədəsiz və bəhanəsiz oyun olacaq. Biz elə birinci matçda işimizin 50 faizini həll etməliyik.

- Bir neçə il bundan əvvəl futbol üzrə əsas millimiz Osiyek şəhərində xorvatlara böyükhesabla uduzublar. Futzal millimiz üçün necə, Osiyek şəhəri faciəyə çevrilməz ki? 
- Bütün komandalarda belə şeylər olur. Biz yaxşı nəticəyə inanırıq. Rəqiblərimizi tanımağımız yaxşıdır. Öncə fikrimiz ilk oyunadır. 

- Qrupda millimizlə yanaşı, Rusiya, Xorvatiya və Slovakiya yer alıb. Bu qrupdan çıxmaq mümkündür? 
- Hər şey öz əlimizdədir. Rəqiblərimiz də zəif deyil. Amma hazırlıq səviyyəmiz yaxşıdır. Xorvatiyanı keçib, Rusiya ilə oyuna hazırlaşacağıq. Üçüncü oyunda isə bütün gücümüzü ortaya qoyub növbəti mərhələyə vəsiqəni əldə edəcəyik.

- Yığmamız daim final mərhələlərində çıxış edə bilir. Necə düşünürsüz, Litvadakı dünya çempionatına vəsiqə qazana bilməsək, böyük uğursuzluq olacaq? 
- Futzalda hər şey - məyusluq da, sevinc də olur. Yetərincə təcrübəmiz və gücümüz var. Bunlardan düzgün istifadə edərək Azərbaycanı yenə də əsas mərhələdə təmsil edərik. İnanıram ki, sevinən tərəf biz olacağıq.