
Qış toplanışını Türkiyədə davam etdirən "Qarabağ" bu gün ilk transferini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi uzun müddətdir danışıq apardığı "Leqanes"in hücumçusu Ovusu Kvabenanı heyətinə cəlb edib.
Qana millisinin də formasını geyinən 23 yaşlı forvardın ilk baxışdan ağdamlılara xeyir verəcəyini düşünmək olar. Düzdür, La Liqa klubu "Leqanes"də bir dəfə də olsun meydana çıxmayıb. Ancaq icarə əsasında formasını geyindiyi "Salamanka" və "Kordoba"da uğurlu çıxış etməyi bacarıb. Kvabenanın ən böyük üstünlüyü oyununu getdikcə inkişaf etdirməsidir.
Amma ortaya bir sual çıxır: Kvabena "Qarabağ"ın axtardığı hücumçudur? Axı çempionun ən çox axsayan yeri hücumun mərkəzidir. Maqaye Qeye ilk yarıdakı performansı ilə qol yükünü daşımağa hazır olmadığını göstərib. Bu üzdən bəzən vinger Mahir Emreli hücumun mərkəzində yer almalı olurdu.
Maraqlısı burasındadır ki, Kvabena da sağ cinah vingeridir. Düzdür, solda və mərkəzdə də oynamağı bacarır. Ancaq onun oyun üslubu mərkəz hücumçusu kimi çıxış etməyə əlverişli görünmür. "Qarabağ"ın heyətində isə sağ cinah oyunçusu kifayət qədərdir - Mahir Emreli, Dani Kintana, Xayme Romero. Bu keçid tez-tez zədələndiyi üçün komandaya lazımi qədər xeyir verə bilməyən Kintananın gedişini sürətləndirə bilər. Yeni transfer Azərbaycan çempionuna heç də ehtiyatda oturmaq üçün gələnə oxşamır. Belədə Emreli və "Qarabağ"a uğurlu qoşulan Romeronun işi qəlizləşəcək.
Sol cinahın Abdullah Zubir tərəfindən "bağlandığını" nəzərə alsaq, Emreli və Xaymedən biri və ya hər ikisi ehtiyata məhkum ola bilər. Bu da Kvabenanın komandanın oyun üslubuna uyğunlaşıb-uyğunlaşmamasından asılı olacaq.
İstənilən halda, "Qarabağ"ın Kvabena transferi ilə qolçu problemini yoluna qoyduğunu düşünmürük. Komanda Premyer Liqanı bu heyətlə hətta çempion kimi də başa vura bilər. Ancaq gələn mövsüm avrokuboklarda uğurlu çıxış etmək üçün ağdamlıların qol vurmağı bacaran mərkəz hücumçusu alması şərtdir.