Yetirmələrindən ən çox qazanc götürən klublar - SİYAHI
06.03.2022 - 16:41
Yetirmələrindən ən çox qazanc götürən klublar - SİYAHI

CIES futbol observatoriyası öz akademiyasının yetirmələrinin satışından ən çox gəlir əldə edən klubların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2015-ci ilin yayından bəri hesablanan siyahıda 50 klub yer alıb.

Cədvələ Kilian Mbappeni PSJ-yə 180 milyon avroya satan “Monako” başçılıq edir. Bu müddətdə 9 oyunçunun satışından qazanc götürən Knyazlıq təmsilçisi “Real” və “Lion”u qabaqlayır.

“Böyük beşlik” ölkələrindən kənar olan 6 klub ilk “20-lik”də özünə yer edə bilib. Maraqlıdır ki, onlardan biri də Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Dinamo”dur. Son 7 ildə yetirmələrinin satışından 110 milyon qazanan zaqreblilər 11-ci yerdə qərarlaşır.

İlk “10-luğ”a düşə bilməyən Avropa nəhənglərindən “Barselona” 15-ci (8 futbolçudan 94 milyon), “Mançester Siti” 18-ci (10 futbolçudan 78 milyon), “Çelsi” 21-ci (7 futbolçudan 75 milyon), “Arsenal” 22-ci (7 futbolçudan 75 milyon), “Milan” 31-ci (5 futbolçudan 56 milyon), “Atletiko” 36-cı (2 futbolçudan 50 milyon), “Mançester Yunayted” 44-cü (4 futbolçudan 42 milyon), “Bavariya” isə 48-ci (1 futbolçudan 38 milyon) yerdədir.

1. “Monako” – 246 milyon avro (9 futbolçu)
2. “Real” – 236 milyon (11)
3. “Lion” – 228 milyon (14)
4. “Ayaks” – 211 milyon (10)
5. “Benfika” – 202 milyon (7)
6. “Atalanta” - 182 milyon (8)
7. “Bayer” – 177 milyon (6)
8. PSV – 142 milyon (9)
9. “Liverpul” – 131 milyon (8)
10. “Şalke” – 126 milyon (4)