“Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda nəticənin pozitiv çıxmasıdır”.
Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bunu millimizin baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis AVRO-2022-yə hazırlıq çərçivəsində Belçikaya qarşı yoxlama oyunu barədə fikirlərini bildirib: “Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi. Buna görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi”.
Joze Alesio rəqib barədə də danışıb: “Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclü təsir bağışladılar. Onlar bir gün əvvəl Hollandiya ilə qarşılaşmışdılar və qələbə qazanmışdılar. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, millimiz 3:5 hesabı ilə uduzub.