Yığmamızın sabiq futbolçusu: “Onlarla oyunlara 3 xal gözü ilə baxardıq”
06.04.2022 - 14:36
Yığmamızın sabiq futbolçusu: “Onlarla oyunlara 3 xal gözü ilə baxardıq”

“Millimizin həm Malta, həm də Latviya ilə oyununa baxmışam. Malta ilə görüşdə komandamız çox zəif çıxış elədi. Latviya ilə görüşə yaxşı başlasaq da, komandamız meydanda azlıqda qaldı. Belədə oynamaq çətin olur”.

Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

33 yaşlı yarımmüdafiəçi yoldaşlıq görüşlərində Malta və Latviyaya məğlubiyyətin onu təəccübləndirdiyini etiraf edib: “Rəqiblər elə komandalar idi ki, onlara qarşı həmişə yaxşı nəticə qazanmışıq. Malta və Latviya ilə oyunlara 3 xal gözü ilə baxardıq. Yığmamızın heyət baxımından zəiflədiyini də deməzdim. Klublarında da özlərini yaxşı tərəfdən göstərən futbolçular var. Bunun fonunda belə zəif oyun gözləmirdim. Bunun da səbəbini baş məşqçi Canni de Byazidən soruşsanız, daha yaxşı olar”.

Hazırda “Səbail”də çıxış edən orta sahə oyunçusu yığmanın heyətində milliləşdirilmiş futbolçuların çox olmasını da dəyərləndirib. O, bunun əleyhinə olduğunu gizlətməyib: “Komandada milliləşdirilmiş futbolçular da var. Şəxsən mən həmişə yığmanın sırf yerlilərdən ibarət olmasının tərəfdarıyam. Milliləşdirmək də olar, amma gələcək üçün gənc və perspektivli oyunçuları. Daha 30 yaşdan yuxarı oyunçunu milliləşdirmək mənə bir az qəribə gəlir. Azərbaycan yığmasında azərbaycanlılar oynasın. Yaxşı yerli oyunçularımız var, onları çağırıb oynatmaq olar”.

Qeyd edək ki, Azərbaycan yığması ötən ay Malta toplanışı zamanı həm yerli komandaya, həm də Latviyaya 0:1 hesabı ilə məğlub olub.