Transfer bazarında fəallaşan “Sabah” hücum xəttini daha bir oyunçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, Coy-Lens Mikels karyerasında ilk dəfə yüksək liqada oynayacaq.
27 yaşlı sol cinah vinger Azərbaycana gələnə qədər Almaniya və Niderlandda çıxış edib. Mönhenqladbax “Borussiya”sının yetirməsi Bundesliqa təmsilçisinin ikinci komandasına qədər yüksələ bilib. 2014-cü ildə “Şalke”yə üz tutan ön xətt oyunçusu orada olduğu iki il ərzində də əvəzedici heyətin formasını geyinib.
“Sabah” Mikelsin son 5 ildə beşinci komandasıdır. Futbolçu “Alemanniya”, “Vaker Nordhauzen” və “Karl Zeys Yena” ilə Region Liqasında çıxış edib. Ötən ilin avqustunda isə “Maastrixt”lə anlaşaraq, ilk dəfə legioner həyatı yaşayıb. Niderland təmsilçisinin heyətində birinci divizionda bir mövsüm keçirən Coy-Lens Mikels 27 oyunda 7 qol, 4 assistlə yadda qalıb.
Almaniyalı hücumçu aşağı yaş qruplarını nəzərə almasaq, karyerası ərzində 179 oyunda 53 qol vurub, 34 məhsuldar ötürmə verib. Mikelsin cəmi iki matçını digərlərindən ayırmaq olar. 2019/20 mövsümündə “Vaker Nordhauzen”in heyətində Almaniya kubokunun birinci raundunda Dmitri Nazarovun komandası “Aue” ilə matçda 81, ötən mövsüm isə “Maastrixt”lə Niderland kubokunun 1/8 final mərhələsində “Ekselsior”la görüşdə 21 dəqiqə meydanda olub. Hər iki qarşılaşmada komandası məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Coy-Lens Mikels “Sabah”la 2 illik müqavilə imzalayıb.
Yüksək liqada debütünü Azəbaycanda edəcək – “Sabah”ın transferi
10.07.2021 - 13:52
0
0