[b]Billiatın “Qarabağ”a keçidi niyə baş tutmayıb?[/b]
27.06.2018 - 09:10
[b]Billiatın “Qarabağ”a keçidi niyə baş tutmayıb?[/b]

Zimbabve millisinin hücumçusu Xama Billiatın “Qarabağ”a keçidinin baş tutmamasının səbəbləri bəlli olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə futbolçunun meneceri Mayk Nqobeni açıqlamasında bildirib.

 

O deyib ki, Billiatın Avropadan təkliflər almasına baxmayaraq, Cənubi Afrika Respublikasında (CAR) qalmasının səbəbi göz önündə olmaq istəyidi: “İsveç, Türkiyə, Misir, Çin və Azərbaycandan təkliflərimiz var idi. Ancaq Xama müntəzəm futbol oynaya biləcəyi və unudulmayacağı yeri seçdi. Zimbabvelilər onu həmişə millidə görmək istəyirlər. Bu üzdən yanlış addım atıb Avropaya yollanmaq fikrindən vaz keçdik”.

 

Billiatın Avropa karyerasının üstündən xətt çəkən digər səbəb isə maliyyə olub. Belə ki, onun yeni klubu “Kayzer Çifs”dəki illik məvacibi 450 min dollar təşkil edəcək. Avropa qitəsinin nümayəndələri bu pula yaxın durmayıblar. Yalnız Misir klubu “Zamalek” eyni məbləği təklif etmişdi ki, Billiat da uzun illərdi yaşadığı CAR-da qalmağı üstün tutub.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən bu aya qədər “Mamelodi Sandaunz”un şərəfini qoruyub.