[b]“Bizdən fərqli olaraq, təzyiq “Qarabağ”ın üzərindədi” – “Kukesi”nin baş məşqçisi[/b]
29.07.2018 - 19:50
[b]“Bizdən fərqli olaraq, təzyiq “Qarabağ”ın üzərindədi” – “Kukesi”nin baş məşqçisi[/b]

“Mərhələni keçmək üçün hələ 90 dəqiqə var. Daha bir tarix yazmaq üçün qarşıdakı matçı gözləyirik. “Kukesi”nin Bakıdakı missiyası o qədər də asan olmasa da, hər halda ilk qarşılaşmadakı 0:0 hesablı bərabərlik bizə ümid verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Bakıda “Qarabağ”la qarşılaşacaq Albaniya təmsilçisinin çalışdırıcısı oyunla bağlı fikirlərini yerli “supersport.al” saytı ilə bölüşüb.

 

Mütəxəssis oyundan əvvəl inamlı açıqlamalarla diqqət çəkib: “Əsas odur ki, komanda ilk oyunda xarakterli və istəkli oynaydı. Niyə də cəhd etməyək? Oyunçularımız evdəki matçda rəqibə qapıya zərbə vurmağa da imkan vermədilər. Əsas məsələ ehtiyatlı olmaqdır. Şkodradakı qarşılaşmada olduğu kimi tələsmədən və qapımızı təhlükədən uzaq tutaraq oynamalıyıq. Hücumçular isə həlledici məqamda daha sakit oynamalıdılar. Nəticə özü bizə həm ümid verir, həm də ehtiyatlı olmağı tələb edir. Qol anlarında əsəblərimizə hakim olmalıyıq. Biz hər şeyə hazırıq. Rəqibin təzyiq edəcəyini bilirik və buna uyğun hazırlıq keçmişik. İlk qarşılaşmadakı hesabı da nəzərə alsaq, penaltilər ehtimalını da düşünmüşük. Şansımızı təsadüfə saxlamaq istəmirik. Bizdən fərqli olaraq, əsas təzyiq “Qarabağ”ın üzərindədi”.

 

Kunqu yeni transferin də meydana çıxa biləcəyini deyib: “Komandaya ən son qoşulan Reginaldo da matça hazırdı. Bəlkə də bir neçə dəqiqə şans verəcəyik, amma hər bir halda oynaya biləcək vəziyyətdədi”.

0