“Bizə ehtiyatda oturacaq futbolçu lazım deyil. Kim “Trabzonspor”da oynamağa hazırdısa, onunla yollarımızı davam etdirəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Trabzonspor”un baş məşqçisi Ünal Karaman deyib.
Yeni mövsümün hazırlıqlarını davam etdirən “bordo-mavililər” təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb. Lakin Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev heyətə daxil edilməyib. Futbolçudan özünə klub tapması istənilib və buna görə, ona icazə verilib.
Yerli mətbuata açıqlamasında Şeydayev də daxil olmaqla, bəzi gənclərlə vidalaşacaqlarını deyən Karaman “Trabzonspor”a layiq oyunçu axtardıqlarını vurğulayıb: “Trabzonspor” markadı. Mənə daim əsas heyətdə oynamağa hazır futbolçular lazımdı. 18 yaşlı futbolçu menecerini qarşıma çıxarmasın. Bu komandanın formasını haqq edənlər, formasını geyinməyə hazır olanlar bizimlə qalacaq. Gedən futbolçuları pisləmək istəmirəm. Ancaq rəqib heyətimizə baxanda narahatlıq keçirməlidi. “Trabzonspor”u gücləndirəcək 3 yeni transferə ehtiyacımız var”.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayevin karyerasını Avstriya klubu “Mattersburq”da davam etdirməsi gözlənilir.