[b]Bu dəfə çempionla...[/b]
10.07.2018 - 10:14
[b]Bu dəfə çempionla...[/b]

Sabah Azərbaycan üçün avrokuboklar mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın ilkin mərhələsindən azad olan təmsilçilərimiz üçün 2018/19 mövsümü Sloveniyada başlayacaq.

 

Qitə miqyaslı klub turnirlərində 1994-cü ildə debüt edən, iki mövsüm yarışlardan kənar qalan ölkəmiz üçün 23-cü start gerçəkləşəcək. Lyublyanada “Olimpiya”nın qonağı olacaq “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq.

 

Artıq neçə illərdi Azərbaycan çempionları qitənin ən nüfuzlu klub turnirinə 2-ci raunddan başlasa da, format dəyişikliyi Qurban Qurbanovun yetirmələrini erkən starta vadar edib. Bu üzdən də Azərbaycan yeni mövsümə Çempionlar Liqası ilə başlayacaq. Hərçənd komandalarımızın futbol ilini Avropa Liqası ilə başlaması adi hala çevrilmişdi. Bu dəfə isə start xəttinə çempion çıxacaq.

 

Ardıcıl 5-ci dəfə bu turnirdə qüvvəsini sınayacaq “Qarabağ” Çempionlar Liqasında oynadığı müddətdə ilk səddi daim uğurla adlayıb. Əvvəlki 4 cəhdin hamısında qrupa qədər irəliləyən Ağdam klubu üç dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasında əsas mərhələyə çıxıb.

 

Bu dəfə qrupa aparan yol Sloveniyadan başlayır. Gələn həftə Bakıda keçiriləcək cavab oyunu öncəsi sərfəli nəticə qazanmağa çalışacaq “Qarabağ” yetərincə güclü rəqibə uduzmamalıdı. Əks halda təmsilçimiz işini çətinə sala bilər.

 

Yay fasiləsində heyətində bir sıra dəyişikliklər olan çempionumuzun rəqibi kifayət qədər yeni komanda olsa da, iddiaları ilə diqqət çəkir. Lakin daha təcrübəli olan Qurbanovun yetirmələri II təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizədə daha şanslı hesab edilir.

 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində qalib gələn komandalar 2-ci raunda yüksələcəksə, məğlub olanlar Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lourense Visser

Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt

Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana. “Stojitse” stadionu 

0