Qış fasiləsində “Neftçi”ni tərk edənlərin sayı 4-ə çatıb.
Apasport.az-ın sportinfo.az saytına istinadən məlumatına görə, Fəhmin Muradbəylini “Keşlə”yə icarəyə verən, Romen Bask (“Şatoru”, Fransa) və Sabir Buqrinlə (“Esperans”, Tunis) birdəfəlik vidalaşan paytaxt klubu Xorxe Korrea ilə də vidalaşır.
Ailəsi koronavirusa yoluxduğu üçün karantinə alınan argentinalı yarımmüdafiəçinin Antalya toplanışına qatılmayacağı məlum olub. Ötən ilin yayında 2 il müddətinə müqavilə bağlanılan hücumameylli oyunçu “Neftçi” rəhbərliyinə müraciət ünvanlayıb.
29 yaşlı Korrea ailə problemlərini əsas gətirərək, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb. Klub rəsmiləri cənubi amerikalının gedişinə razılıq verib. Bu gün və ya sabah ayrılığın rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimo” (2018 - 2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.