Aftandil Hacıyev: “Millidə yerli futbolçuların çoxluq təşkil etməsini istərdim”
02.04.2022 - 17:54
Aftandil Hacıyev: “Millidə yerli futbolçuların çoxluq təşkil etməsini istərdim”

“Oyunun rəqibin üstünlüyü ilə keçəcəyi gözlənilən idi".

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Səfər görüşü barədə təəssüratlarını bölüşən Hacıyev fikrini bu sözlərlə davam etdirib: “Əsasən səhvsiz oynamağı düşünürdük, alınmadı. Rəqibin indiki durumuna nəzər yetirsək, onlara qarşı mübarizə aparmaq çətin idi. Yeganə məğlubiyyəti bizdən alıblar. Hər kəs bizi “Qarabağ”ı məğlub edən yeganə komanda kimi xatırlayıq. Həmin nəticəni təkrarlamağa gücümüz çatmadı. Həmin görüşlə indiki arasında da böyük fərq var. Çünki “Qarabağ” hazırda avrokuboklarda mübarizə aparmadığı üçün tamamilə çempionata köklənib. Üstəlik, biz də hər tur zədəlilərdən, cəzalılardan əziyyət çəkirik. Oyundan-oyuna futbolçulara baxacağıq və sonuncu pillədən qurtulmaq üçün mübarizəmizi davam etdirəcəyik. Yenə də “Qarabağ”a çətin anlar yaşatmaq istəyirik. Sadəcə, buraxılan erkən qol futbolçuları həvəsdən saldı. Bu da böyükhesablı nəticəyə gətirib çıxardı. Təbii ki, bunların heç biri bəhanə deyil. Pozitiv nəsə demək çətindir. Amma qarşıda hələ bir dövrə var. Bizim düşüncəmiz növbəti mövsümə daha yaxşı hazırlaşmaqdır”.

- Millinin heyətinə “Səbail”dən heç kim dəvət olunmamışdı. Komandanızda elə bir oyunçu varmı ki, yığmaya düşməyə layiq idi?
- Millinin heyəti əsasən çempionatın ilk “dördlüy”ündə məskunlaşan komandaların oyunçularından təşkil olunmuşdu. Turnir cədvəlində aşağı pillələrdə gedən komandalardan az oyunçunun çağırılması normaldır. Bizdən kim dəvətə layiq idi məsələsi barədə nəsə demək istəmirəm. Ancaq millidə yerli futbolçuların çoxluq təşkil etməsini istərdim.

- Turan Manafovun durumu ilə maraqlanmısınız?
- Turan klubunda problemlər yaşayıb. Bizim qorxduğumuz da bu idi. Ora gedəndə özünə də demişdim ki, bizim Premyer Liqanın reytinqi Yunanıstanın ikinci liqasından üstündür. İsrarlı olduğu üçün ona şərait yaratdıq. Halbuki sol cinahımızda problemlər var. Cavan futbolçudur, getmək istədi, şərait yaratdıq. Yaxşı ki, icarə əsasında göndərdik. Hazırda çətin anlar yaşayır.

- Növbəti mövsümlə bağlı dəqiqləşən nəsə var?
- Rəhbərlik gec də olsa komandanı gücləndirmək istəsə də, indi bu mümkün deyil. Çünki dördüncü dövrəyə giririk. Növbəti mövsümə daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yəqin ki, yaxın vaxtlarda hansısa məsələlər haqda konkret danışa bilərik. Əcnəbi futbolçularla bağlı problemlərimiz var. Çox az sayda legionerimiz mövcuddur. Yerli futbolçuların daha çox olması da qarşımıza çətinlik törədir. Çünki yerlilər arasında seçim etmək çətindir. Əlbəttə, əcnəbi oyunçular da heyətə cəlb etsək, mübariz kollektiv yaratmaq olar. Fasilədə yoxlama görüşləri də keçirmədik ki, əlimizdə olan oyunçular zədələnməsin.

- Heyətinizdə yeni qapıçılar var. Gənc Hüseynəli Quliyev ümidlərinizi nə dərəcədə doğruldur?
- Heyətimizdə 3 qapıçı var. Hər biri meydanda kifayət qədər şans qazanır. Hüseynəlinin də artıq vaxtı yetişib. O, “Sabah”la görüşdə bizi yaxşı mənada təəccübləndirmişdi. Düşünürəm ki, daha da inkişaf edə bilər. Cavan qapıçıdır, ona dəstək vermək istəyirik.

- Rahid Əmirquliyev, demək olar ki, hər oyunda əvəzlənir. Bu gün isə meydanda yox idi. Bu onu deməyə əsas verirmi ki, artıq yaş öz sözünü deyir?
- Hər kəsi sınamaq istəyirik. Rahidin oynadığı mövqedə başqa oyunçularımız da var, onları da meydanda görmək istəyirdik. Əlbəttə ki, Rahid üç il əvvəl üçüncü yeri tutanda gördüyünüz Rahid deyil. Mövsümdən-mövsümə oyununda fərq olacaq. Hər kəsə şans verməyə çalışırıq. Təcrübəli futbolçularımız da bunu anlayışla qarşılayır.