Aleksey Baqa: "İstənilən məşqçi üçün hücum futbolu çətin olardı"
10.04.2022 - 20:59
Aleksey Baqa: "İstənilən məşqçi üçün hücum futbolu çətin olardı"

“Təcrübəli və ustalıq səviyyəsi yüksək olan belə komandaya qarşı yaratdığın imkanlar zamanı top rəqib qapısına tərəf gedib çatmır”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a uduzduqları (0:3) oyun barədə danışarkən deyib.

Belaruslu mütəxəssis mətbuat konfransında məğlubiyyəti belə şərh edib: “Qarabağ” kimi rəqib önündə uğur qazanmaq çətindir. Bu gün istənilən məşqçi üçün hücum futbolu göstərmək, irəlidə çoxalmaq çətin olardı. Burada əsas məsələ ustalıq səviyyəsidir. Hücumda çoxalmaq və imkanlar yaratmaq üçün gərək top itirməyəsən. Həmçinin futbolçularda da özünəinam olmalıdır ki, komanda yoldaşım topu itirməyəcək. Biz isə məcburiyyətdən müdafiədən oynamalıyıq. Belə hallarda müdafiə xəttinin üzərinə böyük məsuliyyət düşür. Ola bilər ki, hansısa matçda müdafiədə səhv buraxmayaq və ya qapıçı yaxşı çıxış etsin. Amma indi bu, çox çətindir. Nəticə də göz önündədir”.

- Oyundan sonra rəqibin futbolçuları Maksim Medvedev və Qara Qarayevlə dialoqunuz oldu. Bilmək olarmı, nə danışırdınız?
- BATE – “Qarabağ” oyunundan sonra Maksimlə yaxşı dost münasibətlərimiz quruldu. Necə olduğu tam yadımda deyil. Çox yaxşı insan və futbolçudur. Görüşdükdə ümumi mövzulardan danışırıq. Qara Qarayevdən isə 3-cü dəqiqədə Əli Qurbani ilə toqquşmadan sonra topuq nahiyəsindəki zədəsini soruşdum.

- “Qarabağ” həmin oyunlarla müqayisədə nə qədər dəyişib?
- Ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində oynayan komandadan danışırıq. Bu, ustalıq səviyyəsindən və stabillikdən qaynaqlanan məsələdir. Bəzən çempionatda qələbə qazanır, amma aşağı pillələrdə yer alırsan. Bu başqa məsələdir. “Qarabağ” isə illərdir öz səviyyəsini qoruyub saxlayır. BATE və “Sumqayıt”da olarkən “Qarabağ”a qarşı oynadığımız matçları müqayisə etmək düzgün olmaz. Amma illərdir eyni səviyyəni qorumaları onların peşəkarlığından xəbər verir.

- Stadiondakı abn-hava xoşunuza gəldi?
- Möhtəşəm atmosfer var idi. Həm bu, həm də matçın başlama vaxtı məni sevindirdi. Son günlər Bakıda olan isti hava ot örtüyünün inkişafı üçün də çox yaxşıdır. Bu gün hər iki komandanın azarkeşləri yaxşı atmosfer yaratmışdılar. “Qarabağ”la görüşdə belə olacağı gözlənilən idi. Ona görə də arenaya təşrif buyuran azarkeşlərə təşəkkür edirəm.