“Sumqayıta böyük istək və ehtiyatla gəlirik. Rəqibimizin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. “Sumqayıt”ın özəl azarkeşləri var. Oyuna maraq gətirdilər”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la keçirilən oyun barədə danışarkən deyib.
Səfərdə 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi avrokuboklara vəsiqəni təmin edən ilk komanda olub.
Qurbanov qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib: “Əsas izləyicilərimizlə xal fərqinə baxmayaraq, futbolçularda rahatlaşma hiss etmirik. Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə halla rastlaşmarıq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır”.
Baş məşqçi Azərbaycan millisinə rəhbərlik edən Canni de Byazinin yığma haqda səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsində özünə cavabdeh olan insanlar var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram”. komanda.az