“İnsanlar Simeonenin komandasının oyununu o qədər də düzgün qiymətləndirmirlər”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis İspaniya klubunun oyun üslubu barədə maraqlı fikirlər səsləndirib: “Atletiko” düşünüləndən daha hücumameyllidir. Simeone komandasının hücumları zamanı riskdən qaçmağa çalışır. Ancaq futbolçuları qapı qarşısında çox yaxşıdırlar. Onların çıxışı oyunun necə keçəcəyindən asılıdır. Hansı məqamda necə oynamaq lazım olduğunu bilirlər”.
İspaniyalı çalışdırıcı iştirak etdikləri turnirlərdə titul şansını davam etdirmələrinə sevindiyini əlavə edib: “Mövsümün bu mərhələsində mübarizənin içində olmaq çox sevindiricidir. Hər mövsüm aprel-may aylarında kuboklar uğrunda mübarizə aparırıq. Bunun səbəbi odur ki, əvvəllər yaxşı iş görmüşük. Digər tərəfdən son vaxtlar bir neçə uğursuz nəticələrimiz də oldu”.
Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Siti” – “Atletiko” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.