“Qəbələ”yə keçdiyim üçün çox şadam. Mən yüksək hədəfləri olan futbolçuyam. Yeni klubuma keçidimdə məqsədim bu hədəflərimə çatmaqdı. Bura yeni uğurlara imza atmaq üçün gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi Ceyms Adeniyi deyib.
Mövsümlərarası fasilədə “Qəbələ”nin heyətinə qatdığı 26 yaşlı hücumçu klubun saytına açıqlamasında hədəflərindən bəhs edib.
3 illik müqaviləyə imza atan Adeniyi “qırmızı-qara” forma ilə Avropa Liqasında uğurlu çıxış etmək niyyətində olduğunu bildirib: “Yeni komandamın Avropa Liqasında mübarizə aparmasından və turnirdə müəyyən hədəflərinin olmasından xəbərdaram. Bilirəm ki, “Qəbələ” əvvəlki mövsümlərdə avrokuboklarda müəyyən uğurlar qazanıb. Bu dəfə bacardığımız qədər irəliləməyi, əvvəlki uğurlardan daha yaxşı nəticə göstərməyimizi istəyirəm. Bunun üçün çalışacam”.
Komanda barədə məlumatlı olduğunu vurğulayan Ceyms azarkeşlərə də müraciət edib: “Qəbələ”yə keçməzdən öncə klub haqda məlumat toplamışam. Əvvəllər yoxlama oyunu zamanı bu komanda ilə üz-üzə də gəlmişəm. “Qəbələ” haqqında yalnız xoş sözlər eşitmişəm. Ona görə də indi məhz burdyam. Azarkeşlərə də demək istəyirəm ki, daim yanımızda olsunlar. Bacardığımın ən yaxşısını ortaya qoymağa çalışacağam. Onlara da öncədən təşəkkür edirəm”.