“Real”ın hücumçusu Kilian Mbappe La Liqada uğurlu statistikasını davam etdirir.
Apasport.az xəbər verir ki, fransalı futbolçu təkcə qolları ilə deyil, həm də komanda yoldaşları üçün yaratdığı imkanlarla diqqət çəkir.
“Real”ın La Liqanın son turunda “Selta”ya 0:2 hesabı ilə uduzduğu oyunda Mbappe məğlubiyyətin qarşısını ala bilməsə də, aktiv çıxışı ilə seçilib. Hücumçu matç ərzində qapıya 3 zərbə endirib və 4 real qol imkanı yaradıb.
Mbappe hazırkı mövsümdə zərbə ilə nəticələnən ötürmələrin sayına görə La Liqada liderdir. Onun hesabında 47 belə ötürmə var. 26 yaşlı futbolçu bu göstərici ilə son 15 ildə “Real”da rekord müəyyənləşdirib. Madrid klubunda eyni statistikanı sonuncu dəfə 2010/11 mövsümündə Mesut Özil (55) göstərib.
Qeyd edək ki, Kilian Mbappe İspaniya çempionatının bombardirlər siyahısına da başçılıq edir. O, La Liqada keçirdiyi 16 oyunda 16 qol vurub.