Ruslan Abışovun Macarıstanda “Uypeşt”lə görüşə çıxması böyük risk imiş. Kapitanı qorumaq əvəzinə onu ən azı 6 aylıq futboldan kənar qoyan klub rəhbərliyi indi fürsətdən maksimum yararlanıb, yeni müdafiəçi almaq istəyir. Çünki real qiymətindən bir neçə dəfə baha məbləğə müqavilə imzalanan Braliçin səviyyəsi bəllidi.
Yaxşı, Braliçi bildik, bəs əsas heyət üçün çoxdan yetişmiş Ömər Buludov? İllərdi şansını gözləyən 21 yaşlılardan ibarət millimizin əsas müdafiəçisi Elvin Sərkərov? Axı bu futbolçuların yetişməsi üçün "Neftçi"də uzun illər əziyyət və xərc çəkilib!
Əvəzedici komandanın istedadlı müdafiəçisi Rəhman Daşdəmirov haqda isə çox güman nə "dahi" prezident Kamran Quliyevin, nə də "700 minlik" Roberto Bordinlə köməkçilərinin xəbəri var. Əks təqdirdə, Ruslanın zədəsindən sonra ona, Namiq Ələsgərovun zədəsindən və Macarıstanda yarımmüdafiənin bərbadlığı anlaşılandan sonra əvəzedici heyətin lideri Qədir Bayramova, Azərbaycan futbolunun ən böyük istedadlarından Mehman Məsimova, heç bir keyfiyyətinə görə Namiqdən geri qalmayan cinah yarımmüdafiəçisi İsmayıl Zülfüqarlıya heç olmasa əsas komanda ilə məşq etmək şansı verilərdi...
Amma "Neftçi"nin öz yetirmələrinin parlayıb əsas komandada möhkəmlənməsi kimlərəsə sərf etmir. Çünki o zaman kənardan transfer edib cibləri doldurmaq imkanları məhdudlaşacaq. Təsadüfi deyil ki, ötən il komandanın ən yaxşı hücumçusu olan Mirabdulla Abbasov ehtiyata göndərilib. Braliç, Bordin və köməkçisi kimi, real qiymətindən xeyli baha qiymətə müqavilə imzalanan Karikari "Neftçi"nin öz yetirməsi Mirabdulladan zəifdi. Ən əsası isə qolçuluq keyfiyyətləri, qoy duyumu Abbasovda ondan qat-qat güclüdü. Amma yaxın gələcəkdə milli komandamızın da əsas simalarına çevriləcək potensialları olan Abbasov, Buludov, Məsimov, Daşdəmirov, Bayramlı, Zülfüqarlı kimi futbolçuların oynayıb, təcrübə, praktika qazanıb həm klubu, həm milli üçün fayda verməsi kimləri isə şəxsi qazancından edəcək.
Yeri gəlmişkən, adı çəkilənlərdən başqa "Neftçi" futbol akademiyasında tədricən əsas heyətlə məşqlərə cəlb olunmalı başqa istedadlı müdafiəçilər də kifayət qədərdi. Məsələn, Mahir Həsənov, Mehmet Ali Serin, Mirəli Əhmədov və başqaları. Rəhman Daşdəmirovdan Mahir Həsənova bu müdafiəçilərin hər biri Braliçdən daha güclü və istedadlıdı! Amma nə olsun...
Hər zaman bir futbolçu konveyeri sayılan, Anatoli Banişevskidən Araz Abdullayevəcən ölkənin ən tanınmış oyunçularını yetişdirmiş "Neftçi" indi braliçlərin, paratskilərin, darioların, karikarilərin, axundovların, eyubovların ümidinə qalıb.
Kamran Quliyev klubun gələcəyini düşünsə, onda kim yeni braliçlər almaqla "Neftçi"nin büdcəsini dağıdıb, öz cibini dolduracaq?!
Təəssüf ki, Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı və sovet hakimiyyətinin aşağı dəstəyə göndərməsinə imkan vermədiyi, ölkəmizin və "Neftçi" tarixinin fəxri Aqil Paşayevin dağılmaqdan, müflislikdən qoruduğu və şəxsən rəhbərlik etdiyi komanda indi hansısa “dahi”nin, hansı xidmətlərinə görə belə bir klubda önəmli vəzifə verildiyi bilinməyən prezidentin qazanc yerinə çevrilib. Heyf, çox heyf...
Futbolumuzun əbədi dəyərinin, "flaqman"ının, ən müxtəlif yaşlarda olan minlərlə sadiq azarkeşinin səmimi sevgisinə yazıq...
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb