“Qalatasaray”ın baş məşqçisi Okan Burukun köməkçisi İsmael Qarsiya Qomes türkiyəli mütəxəssis barədə tərif dolu fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, Qomes Okan Burukun “Qalatasaray”la xüsusi bağının olduğunu bildirib.
O, Burukun klubun akademiyasından yetişdiyini və futbolçu kimi UEFA Kuboku ilə Superkuboku qazanan komandanın üzvlərindən biri olduğunu xatırladıb:
“Onun “Qalatasaray”a qarşı xüsusi duyğusu var. Klubun akademiyasından yetişib. UEFA Kuboku və Superkuboku qazanan komandanın bir parçası idi. Qalib gəlməyə davam etmək və Türkiyədə tarixi uğura imza atmaq arzusu çox böyükdür”.
İspaniyalı mütəxəssis Burukun yalnız qazandığı titullarla deyil, ulduz futbolçuları idarə etmək bacarığı ilə də seçildiyini deyib:
“Çempionluqlar və nəticələrdən əlavə, dünya səviyyəli ulduzları idarə etməkdə böyük bacarıq göstərir. Adının xarici klublarla hallanması normaldır. Onun çox Avropasayağı düşüncə tərzi var. İtalyanca və ingiliscə danışır. Harada və nə vaxt olacağını bilmirəm, amma yaxın vaxtlarda Avropanın böyük liqalarından birində özünü sınamaq şansı qazanacaq”.
Qeyd edək ki, Okan Buruk 2022-ci ildən çalışdırdığı “Qalatasaray”la ardıcıl 4 dəfə Türkiyə çempionu olub.