[b]Qadze “Zirə”yə gülür:  Doğru deyil[/b]
02.07.2018 - 16:42
[b]Qadze “Zirə”yə gülür:  Doğru deyil[/b]

“Zirə”dən ayrılan qanalı hücumçu Riçard Qadzenin apasport.az saytına müsahibəsi

 

- “Zirə”dən ayrılmağınızın səbəbi nə oldu?

- Klubla müqavilə müddətim başa çatdı və əməkdaşlığı davam etdirmək məsələsində razılaşmadıq.

 

- Klubdan daha güclü hücumçu almaq üçün bu addımın atıldığı bildirilib...

- (gülür). Bu mənim üçün gülməlidi. Mənim barəmdə səslənən fikirlər barədə nə deyə bilərəm? Bunlar doğru deyil. Klubla müqavilə müddətim başa çatdı və ordan ayrıldım. İndi azad agent statusu daşıyıram. Mənim üçün əsas da budu.  

 

- Yəni siz özünüz də “Zirə”də qalmaqda maraqlı deyildiniz?

- “Yox” desəm, kobud səslənər. Eyni ilə prezidentin mənim haqqımda dediyi kimi. Hətta zədəli olduğum vaxtlarda da meydana çıxıb oynadım. Komanda üçün canımı ortaya qoydum. Baş məşqçi də bunu təsdiqləyə bilər.  

 

- Ötən mövsüm Premyer Liqada keçirdiyiniz 23 oyunda 7 qola imza atmısınız. Bəlkə aşağı məhsuldarlıq ayrılmağınıza səbəb olub?

- Xeyr, səbəb bu deyil. Bir hücumçu kimi, vəzifəmin topu tordan keçirmək olduğunu bilirəm. O ki qaldı aşağı məhsuldarlıq fikrinə, bununla razılaşmıram. Premyer Liqanın bombardiri cəmi 13 qol vurub. Çünki Azərbaycan çempionatı çətindi. Bütün bunlar mənim üçün artıq geridə qalıb. İndi yeni çağırışlara hazır olmalıyam.

 

- 8 komandalı çempionatdakı gərginlik sizi qane edirdi?

- Bəli, maraqlı oyunlar gedirdi. Klublar arasındakı səviyyə fərqinin böyük olmaması gərgin mübarizəyə səbəb olurdu. Heç bir komandanın digərini məğlub edəcəyini əminliklə deyə bilmirdin. Lakin komanda sayının az olması ilə razıyam. Çempionatda heç olmasa, 10 komanda iştirak etsə, daha yaxşı olar.

 

- Karyeranızı harda davam etdirəcəyiniz bəllidimi?

- Hələlik yox. Bir neçə təklif var, ancaq qərar verməyə tələsmirəm.

 

- Təklif edənlər arasında Azərbaycan klubu varmı?

- Xeyr, Azərbaycandan təklif almamışam.

 

- Azərbaycanda il yarım keçirdiniz. Bu müddəti necə xatırlayacaqsınız?

- Azərbaycanla bağlı çox gözəl xatirələrim var. Bu ölkə və “Zirə” daim ürəyimdə olacaq. İnanın ki, Azərbaycanla bağlı narazı qaldığım heç bir məqam yoxdu. Məni orda ən çox sevindirən anlar qalib gəldiyimiz və qol vurduğum oyunlar idi. Stadiona gələn azarkeşlərin sevincini, ordakı atmosferi görməyə dəyərdi. Tribunalardakı emosiyaların ani dəyişikliyini sevirəm.
 

Ruslan SADIQOV

0