“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Sloveniya klubu müdafiə xəttinə yeni oyunçu cəlb edib.
Belə ki, yarımmüdafiəçi Marko Putiçanindən sonra “Vojdovats”ın arxa xətt oyunçusu Marko Qayiç də “Olimpiya” ilə anlaşıb. 26 yaşlı oyunçu yaxın günlərdə rəsmi sözləşməyə qol çəkəcək.
Bu transferə baxmayaraq, baş məşqçi İliya Stolika hələ də narahatdı. Buna səbəb alternativli heyətin olmaması və “Qarabağ”la matça az vaxtın qalmasıdı. Lyublyana təmsilçisi bu üzdən qısa müddətdə transferləri yoluna qoymaq niyyətindədi.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.