
“Fənərbaxça”nın prezidenti Sadettin Saran bu gün jurnalistlərin qarşısına çıxıb.
Apasport.az xəbər verir ki, klub rəhbəri davam edən proseslər barədə açıqlama verib:
“Futbolçular mövsümün əvvəlində çox bərbad təlim-məşq prosesi keçiriblər. "Fənərbaxça"da prezident seçildikdən sonra oyunçulara verilən bəzi sözlərin yerinə yetirilmədiyini gördüm. Kluba gəldiyimdən bəri artıq 39 milyon avro ödəniş etmişik. "Kasımpaşa" matçında 1-0 öndə idik. Fasilə zamanı futbolçularımız seçkilərin nəticələrini izləyirdilər. Bu yanlışdır. Seçimləri qazandığım gün Samandıraya getdim. Texniki heyət və futbolçularla üzbəüz görüşdüm. Oyunçuların hamısı Tedeskoya inanırlar. Mən də həmçinin. O, çox çalışqan biridir, akademiyada qalır və işinə bağlı bir insandır”.
Saran həmçinin bir müddətdir zədəli olan Con Duran haqqında da fikirlərini bildirib: “Con Duran həqiqətən zədəlidir. Bir neçə həftə ərzində komanda ilə birgə məşqlərə başlayacaq”.
Prezident komandadan uzaqlaşdırılan İrfan Can Kahveci və Cenk Tosun haqqında da danışıb: “Cenk ilə danışığımız olub. İrfanla sabah oturub söhbət edəcəyik. ‘Samsunspor’ matçında baş verənlər ailə içi məsələlərdir. Bunları burada danışmaq doğru deyil. Hər iki oyunçu da "Fənərbaxça"nı təmsil edir və gələcək nəsillərə örnək olmalıdırlar. Həmçinin, İrfan Canın yerinə kapitan olaraq Çağlar Söyüncünü təyin etmişik”.