[b]“Spasatel” işləyən Vadim Vasilyev: Bizdə traktorçu da baş məşqçi işləyər [/b]
28.06.2018 - 11:03
[b]“Spasatel” işləyən Vadim Vasilyev: Bizdə traktorçu da baş məşqçi işləyər 
[/b]

Veteran futbolçu Vadim Vasilyevin apasport.az saytına müsahibəsi

 

- Uzun müddət idi futboldan uzaq qalmışdınız. Hazırda nə işlə məşğulsunuz?

- Bir müddət əvvəl AFFA-da elit-proqramda işlədim. İndi isə Kazbek Tuayevin məktəbində müəllim kimi çalışıram.

 

- Hazırkı işiniz sizi qane edirmi?

- Əlbəttə ki, Premyer Liqa klublarında işləmək istəyərdim. Ancaq nəzərə almaq lazımdı ki, cəmi 8 klubumuz var. Bu üzdən o qədər məşqçi kənarda qalıb ki. İşləməyə yer də yoxdu.

 

- Dolanışığınız necədi?

- Şükür Allaha, çörək pulu qazana bilirik.

 

- Bildiyimiz qədərilə bir ara çimərliklərin birində xilasedici kimi də fəaliyyət göstərmisiniz...

- Bəli, keçən il 3 ay işləmişəm. İşsiz idim, ehtiyacım var idi.

 

- Öz dövrünüzün ən güclü hücumçularından biri olmusunuz. Diqqətdən kənarda qalmağınızın səbəbini nədə görürsünüz?

- Məşqçilik kurslarını da oxumuşam, kateqoriyam da var. Vaxtilə “Bakı” klubunun qapısını döymüşdüm. “Sabah, birigün” deyə-deyə uzatdılar. Belə münasibət görəndən sonra adam necə həvəsdən düşməsin?

 

- Bəlkə bir çoxları kimi, sizin də adamınız olmadığı üçün kənarda qalmısınız?

- Adamın olması məsələsini başa düşə bilmirəm. Futbol oynayanda adamın olmalıdı, işləyəndə adamın olmalıdı... Belədisə, gərək o vaxt futbol oynamazdım, gedib adam axtarardım. Bəlkə də, çox danışdığım üçün mənə maraq göstərmirlər (gülür).

 

- Açıq sözlü olmağınız başınıza bəla açır?

- Məndə bir pis xüsusiyyət var, o da olanı deməyimdi. İnsan bir gün, iki gün susar, amma nə vaxtsa “partlayar”. Nə qədər susmaq olar? Bildiyim şeyi deməliyəm ki, bəlkə məni başa düşələr, hansısa səhvin qarşısı alınar. Bilib danışmamaq ikiqat günahdı.

 

- Uşaq futbolunda vəziyyət necədi?

- Bizim dövrdə futbol oynayanlar indi uşaqlarla məşğuldular. Bu yaxşı haldı. Amma hazırda işləyənlərin 40 faizi normal futbol oynamayanlardı. Ona görə “partlayıram” ki, özü normal oynamayıbsa, uşağa necə məşq keçəcək, ona nə öyrədəcək? Adi topla davranış qaydasını bilmir, məşqçilik edir. Uşaqlar da bilmirlər ki, hansı məşqçinin yanına gedirlər. Uşaq futbolunda ən böyük problem elə məşqçi seçimidi. Bizdə böyük futbolda traktorçu da baş məşqçi işləyər. Bir az kömək edəcəklər, öhdəsindən gələcək. Ancaq uşaq futbolunda mütləq işi bilənlər olmalıdı. Üstəlik, həmin məşqçilər normal maaş almalıdılar, ancaq Premyer Liqa barədə düşünməməlidilər. 400-500 manat maaş verirlər. Əksər sabiq futbolçu adına görə getmək istəmir, qalıb kənarda. Gedən də ikinci iş axtarır ki, dolanışığı normal olsun. İki yerdə işləyəndə də insan nə etdiyini bilmir, çaşıb qalır. Elələri var ki, məndən soruşurlar kimdi, deyirəm ki, tanımıram. Futbol oynamayıb, hansısa yaş qrupunda baş məşqçidi.

 

- Yəni futbolumuzun gələcəyindən əlimizi üzək?

- Yaxşı məşqçilərimiz də var, ancaq çox azdı. “Qəbələ”də, “Qarabağ”da uşaqlarla işləyənlərin hamısı əvvəllər futbol oynayanlardı. Amma bəzi klublarda futboldankənar adamlar da var. Açığı, 8 komandalı çempionatı olan ölkədə futbolun gələcəyinə nikbin baxa bilmirəm. Gərək 18 klub olsun ki, onların da uşaq komandaları fəaliyyət göstərsin, aşağı yaş qrupu yığmalarında məşqçilərin seçim imkanı yaransın.

 

- Keçmiş komandanız “Neftçi”dəki dəyişikliklər barədə nə düşünürsünüz?

- “Neftçi”də ciddi dəyişikliklər oldu, Fərrux İsmayılovu, Füzuli Məmmədovu, Mahmud Qurbanovu apardılar. Yaxşı mütəxəssislər seçirlər.

 

- 8 komandalı çempionatdan şikayətləndiniz. Premyer Liqanın oyunlarını izləyirsinizmi?

- Çempionatımız bərbaddı. Ən azı 16 komanda iştirak etməlidi. Niyə əvvəlki kimi, Gəncədə, Tovuzda, İmişlidə, Şəmkirdə futbol olmasın? Hazırda Bakı çempionatı izləyirik. Bölgə komandalarından yalnız “Qəbələ” qalıb. “Sumqayıt”ı da heç bölgə təmsilçisi saymıram. Bilmirəm niyə pul buraxmaq istəmirlər, maraq göstərmirlər?

 

- Qarşıdan Millətlər Liqası kimi mötəbər turnir gəlir. Premyer Liqadan seçilmiş oyunçularla yığmamız nəyə ümid edə bilər?

- 8 komandanın yarısında legionerlər çoxluq təşkil edir. Ümumilikdə 80 yerli futbolçu arasında nə seçim edəsən? Onlardan 20-ni çağırmalısan, bu da çempionatın 25 faizi deməkdi. Bir az oynayan kimi, milliyə çağırılırlar. Heç bir rəqabət yoxdu.

 

- Sizin vaxtınızda Vadim Vasilyev, Samir Əliyev, Qurban Qurbanov, Fərrux İsmayılov, Samir Musayev kimi hücumçular var idi. Ancaq indi milliyə bir hücumçu tapılmır...

- Artıq illərdi hücumçu problemi var. Bunun həlli üçün əvvəllər hücumçu kimi çıxış etmiş mütəxəssislərin köməyindən yararlanmaq lazımdı. Hücumçularla onlar işləməlidilər.

 

- Axı indi hücumçu da yoxdu. Yalnız milliləşdirmə ilə bu problemi həll etmək nə dərəcədə doğrudu?

- Bunun qarşısını almaq üçün də keçmiş hücumçulara şərait yaradılmalıdı. Klublar bu barədə heç düşünmürlər. Bizdə keçmiş qapıçılar işsiz qalmırlar. Ancaq meydan oyunçularının çoxu diqqətdən kənardadı.

 

- Son olaraq avrokuboklardakı komandalarımızdan nə gözləyirsiniz?

- Gördüyüm qədərilə “Neftçi” yaxşı heyət yığır. Ancaq “Uypeşt” də köklü komandadı. Ümumiyyətlə, macarlara qarşı oynamaq bizə həmişə çətin olub. “Qarabağ” oyunçularının çoxunu yola salıb. Özləri artıq demək istəyirlər ki, bizdən nəsə gözləməyin. Klub belə düşünürsə, millət nəyə ümid etsin? 6-7 oyunçunu göndəriblərsə, boşluğu doldura bilməyiblərsə və indidən belə qorxurlarsa, onlar üçün çətin olacaq. Həmçinin “Qəbələ”nin də çox irəli gedəcəyinə inanmıram. Düzdü, bu komanda ardıcıl 2 il Avropa Liqasının qrupunda iştirak edib. Ancaq heyətlərində çox dəyişiklik oldu. “Keşlə”dən 1-2 tur keçməyi gözləmək olar. Bunun üçün də heyəti gücləndirməlidilər.

 

Ruslan SADIQOV