İspaniyanın “Barselona” klubunun futbolçusu Xavi 3 yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ (Fransa) ilə cavab oyunu (2:0) yarımmüdafiəçi üçün avrokuboklarda 170-ci, qitənin ən nüfuzlu klub turnirində 148-ci, yarışın pley-off mərhələsində 53-cü olub. Bu göstəricilərin hər üçü mütləq rekorddu.
“Barselona” tarixində 11-ci dəfə yarımfinala yüksəlib. Bu da 1992/93 mövsümündən Çempionlar Liqası adlanan yarışın yeni rekordudu. Digər klublardan heç biri bu qədər yarımfinal həyəcanı yaşamayıb.
Bu matç kataloniyalıların baş məşqçisi Luis Enrike üçün postunda 50-ci olub. Bu matçlarda “Barselona” 42 qələbə qazanıb. Bu da klub tarixinin rekordudu. İndiyədək heç bir məşqçi ilk 50 oyununda bu qədər qələbə qazanmayıb. Elenio Errera ilk 50 matçda 40, Xosep Qvardiola 37 dəfə qələbəyə sevinmişdi.