13-cü
14.11.2014 - 17:50
13-cü

Azərbaycan millisinin baş məşqçi vəzifəsi həvalə olunan Mahmud Qurbanov tarixə düşəcək. Apapsort.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis noyabrın 16-da baş tutacaq AVRO-2016-nın Norveçlə seçmə oyununda ilk dəfə yığmaya rəhbərlik edəcək.

 

Qurbanov yığmada debüt etməklə həm futbolçu, həm məşqçi kimi seçmə mərhələlərdə millimizin sıralarında olan ikinci futbol adamı olacaq. Həm dünya, həm Avropa çempionatlarının seçmə oyunlarında yığmamızın şərəfini qorumuş veteran indi də baş məşqçi kimi buna nail olacaq. Onadək yalnız Şahin Diniyev bunu bacarmışdı. Ümumilikdə isə o, komandamızı seçmə matçına çıxaran 11-ci çalışdırıcı olacaq.

 

Düzdü, yığmamızda həm futbolçu kimi oynayan, həm baş məşqçi vəzifəsini icra edən daha bir futbol adamı Nazim Süleymanov olub. Lakin Diniyev və Qurbanovdan fərqli onun bir oyunluq çalışdırıcılıq fəaliyyəti seçmə mərhələdən kənarda olub. Ümumilikdə isə Qurbanov yığmanın tarixində 13-cü baş məşqçi olacaq.