[b]224-cü sınaq[/b]
02.09.2016 - 14:30
[b]224-cü sınaq[/b]

Azərbaycan millisi iki gündən sonra – sentyabrın 4-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində ilk qarşılaşmasına çıxacaq yığmamız səfərdə San-Marino ilə üz-üzə gələcək.

 

Bu, millimizin tarixində 224-cü matç olacaq. Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 223 oyunda meydana çıxıb. Yığmamız indiyədək 40 qələbə qazanıb, 61 dəfə heç-heçə edib.

 

Hesabında 122 məğlubiyyət olan komandamız bu matçlarda 158 dəfə rəqib qapısına yol tapıb. Millimiz rəqiblərinin 380 qoluna məyus olub.


Komandamız seçmə oyunlarında 109-cu sınağa çıxacaq. 12-ci tsiklə başlayacaq milli indiyədək 10 qələbə qazanıb, 22 heç-heçə edib. 76 dəfə uduzan yığmamız indiyədək 55 qol vurub. Rəqiblərimiz isə 232 dəfə qol sevinci yaşayıblar.

 

Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq komandamız mundial yolunda 48 matça çıxıb. 49-cu sınağadək 4 qələbə qazanan yığma 13 heç-heçəyə sevinib. 31 məğlubiyyət acısı yaşayan futbolçularımız 19 qol vurub, 85-ni buraxıb.

 

San-Marinodakı matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 13-cü sınağı olacaq. Ötən il 8, bu il 4 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis 2 qələbə və 5 heç-heçəyə sevinibsə, 5 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqində də yetirmələri onu daha çox məyus edib – 10:17.

 

Səfər sınağı xorvatiyalının 7-ci seçmə oyunudu. Əvvəlki 6 matçda 1 qələbə və 3 heç-heçəsi olan komandamız 2 dəfə uduzub. Həmin görüşlərdə 5 qol vuran futbolçularımız 7-ni buraxıblar.