“Neftçi” Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk dəfə qol buraxıb. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin “İnter”lə cavab oyununadək qapısını toxunulmaz saxlayan “ağ-qaralar”ın seriyasını Arif Daşdəmirov qırıb.
1/8 finalda “Qaradağ Lökbatan”ı (3:0), 1/4 finalda AZAL-ı (0:0, 1:0) keçən “Neftçi” “İnter”lə ilk görüşdə (2:0) də qol buraxmamışdı.
Arifin 37-ci dəqiqədə fərqlənməsinədək ardıcıl 4 quru oyun keçirən paytaxt təmsilçisi sonuncu dəfə 2013/14 mövsümündə qol buraxmışdı. Həmin vaxt “Qəbələ” ilə final qarşılaşmasının 71-ci dəqiqəsində Marat İzmaylov “ağ-qaralar”ı məyus etmişdi.
Penaltilər seriyasınadək uzanan finalın 49 dəqiqəsi və cari mövsümünü 386 dəqiqəsini “quru” keçirən “Neftçi” ümumilikdə 435 dəqiqəlik seriyaya malik olub. 2014-cü ilin mayın 22-dən sonra qol buraxmayan bakılılar 334 gündən sonra üzülüb.