“Deportivo”nun 39 yaşlı futbolçusu Manuel Pablo karyerasını bitirməməyə qərar verib. Apasport.az saytının məlumatına görə, veteran müdafiəçi daha bir il La Korunya klubunda çıxış edəcək.
Qocaman futbolçunun müqaviləsi 2018-ci ilə kimi nəzərdə tutulsa da, onun gələn mövsümdən etibarən futbolçu kimi karyerasını bitirəcəyi və klub prezidentinin köməkçisi olacağı gözlənilirdi. Ancaq görünür Manuel Pablo özündə güc taparaq daha bir il oynamağa qərar verib.
Qeyd edək ki, 1998/99 mövsümündən etibarən “Deportivo” forması geyinən müdafiəçi geridə qalan 17 mövsüm ərzində 380 dəfə meydana çıxıb. Bu müddətdə o, bir qola da imza atıb.
Qocaman futbolçu həmçinin 2000-2004-cü illər aralığında 13 dəfə İspaniya milli komandasının da formasını geyinməyə imkan tapıb.