Topaz Premyer Liqasının debütantı “Araz-Naxçıvan”ın ardıcıl 7 turda 3 xala həsrət qalması, üstəlik, ötən turda “Simurq”a 0:4 hesabı ilə darmadağın olması klub rəhbərliyinin səbir kasasını daşırıb. Apasport.az saytının məlumata görə, dünən klub rəhbərliyi başda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov olmaqla məşqçilər və futbolçularla görüş təşkil edib.
Klubun icraçı-direktor Orxan Cabbarov başda olmaqla, digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun göndərilməsinə qərar verilib. Ancaq rəsmi şəkildə hansı futbolçuların komandadan xaric edildiyi açıqlanmayıb.
Artıq həmin futbolçuları müəyyənləşdirə bilmişik. Bunlar Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Elgiz Kərəmlidir. “Simurq” və AZAL-ın yarımmüdafiəçisi olan İbrahimov “Simurq”la görüşdə start heyətində yer alsa da, fasilədən sonra gürcüstanlı hücumçu David Canelidze ilə əvəzlənib. AZAL-ın digər sabiq oyunçusu Nurəhmədov isə 67-ci dəqiqədə bir neçə gün əvvəl klubla müqavilə bağlamış ukraynalı hücumçu Sergey Selyuku əvəzləyib. “Qarabağ”ın sabiq futbolçusu Elnur Abdulov və “Neftçi”nin məşqçisi Nazim Əliyevin oğlu Elgiz Kərəmli isə heç “18-lik”də yer almayıb. Bu onu göstərir ki, artıq bu 2 oyunçunun xidmətində Əsgər Abdullayev daha öncədən maraqlı deyilmiş.
Qeyd edək ki, bundan öncə “Araz-Naxçıvan” müxtəlif səbəblərdən Akif Tağıyev, Vüqar Əsgərov və Elhad Nəziri ilə yollarını vaxtından erkən ayırmışdı.