“Azərbaycan futbolundakı gülməli qərarları...”
30.03.2014 - 00:01
“Azərbaycan futbolundakı gülməli qərarları...”

“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qarşılaşmadan nə dərəcədə razı qaldınız?

- Çətin olacağını bilirdik. Çünki çempionatın ən güclü komandalardan birinə qarşı mübarizə apardıq. Premyer Liqada vəziyyətimiz ürəkaçan deyil. Bu səbəbdən əsas diqqəti kuboku qazanmağa yönəldəcəyik.

 

- İlk yarıda meydanın sizə aid hissəsindən çıxa bilmirdiniz. Buna görə fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi?

- Komandada nəsə çatmırdı. Bəlkə də yaxşı hazırlaşmamışdıq və ya bəzi futbolçularımız yox idi. Bu da oyunda öz təsiri göstərdi.

 

- Çempionatda mükafatçılar sırasına düşməyiniz mümkünsüz görünür. Belə vəziyyətdə komandanı bu cür oyunlara hazırlamaq baş məşqçiyə çətinlik yaratmır?

- Şansımızı itirsək də, oyunlara motivasiya problemi olmamalıdır. Çünki üzərimizdə hansısa təzyiq yoxdur.

 

- Çempionatın qarşıdakı turlarında məqsədiniz nə olacaq?

- İstənilən halda, qələbə qazanmağa çalışacağıq. Ancaq gücümüzü kuboka qoruyacağıq. Çempionatda isə qələbə qazanıb, azarkeşlərimizə təsəlli vermək istəyirik.

 

- Əzəli rəqiblər arasındakı rəqabət bu gün hiss olunmadı. Buna səbəb nə idi?

- Səbəbini dəqiq bilmirəm. Onu deyə bilərəm ki, belə oyunlarda ciddi olmalı, yaxşı hazırlaşmalıyıq. “Neftçi” ilə görüşlərimiz derbi sayılır. Bu cür qarşılaşmalar ildə 2-3 dəfə baş tutur.

 

- Azarkeşlərin stadiona buraxılmamağı çıxışına təsir etdimi?

- Bu cür şeyləri ilk dəfə görürəm. Azərbaycan futbolundakı gülməli qərarları başqa ölkələrdə görə bilməzsən. Bir neçə azarkeşimizə cinayət işi açıblar. Bu cür şeylərə yaxşı baxmıram. Bu, futbola zərbədir.

 

 

0