“Azərbaycan millisinin bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdir”
02.11.2014 - 15:36
“Azərbaycan millisinin bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdir”

"Qəbələ" İdman Klubu növbəti gərgin və maraqlı günlərindən birini yaşayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində 6 illik fasilədən sonra ilkin mərhələni adlayaraq elit mərhələyə vəsiqə qazanan 17 yaşlı futbolçulardan ibarət milli komandamızın bu uğuru Qəbələdə qeyd edilib.

 

“Qəbələ”nin əsas komandası bu gün "Bakı"ya qarşı keçirəcəyi məsul oyundan öncə vaxt  taparaq gənc futbolçuların sevincinə şərik olub.

 

Bildiyiniz kimi, ötən ayın son günlərində Belçikada keçirilmiş seçmə mərhələdə 17 yaşlı futbolçulardan ibarət milli komandamız meydan sahibləri, İsveçrə, eləcə də, Bosniya və Herseqovina ilə birlikdə yer aldığı qrupda 4 xal toplayaraq Avropa çempionatının növbəti mərhələsinə - elit raunda vəsiqə qazanıb. U-17-nin sonuncu dəfə 2008-2009-cu illər mövsümdə bu nəticəni əldə etdiyini nəzərə alsaq, hazırkı uğurun sevincinin böyük olması da anlaşılandır.

 

Ötən gün "Qafqaz Sport Hotel"də keçirilən tədbirdə milli komandamızın uğuru qeyd edilib və eyni zamanda bu uğurda pay sahibi olmuş "Qəbələ"  Futbol Akademiyasının 5 yetirməsi mükafatlandırılıb.

 

Qeyd edək ki, Belçikada “qırmızı-qaralar” üzvlərindən Hacıağa Hacıyev, Elvin Dəmirov, Xəyal Əmirli, Amin Seydiyev və Fərid Nəbiyev millinin şərəfini qoruyaraq qazanılan qələbədə pay sahibi olub.

 

Tədbiri giriş sözü ilə akademiyanın direktor müavini Nail Kərimov açıb. Əsas komandanın heyəti, akademiya məşqçiləri, U-17, U-16 və U-15 komandalarımzın üzvləri həm Belçikada vurulmuş qolları, həm 5 futbolçunun akademiyada keçdikləri yolun fotoslaydını seyr ediblər. Ardınca söz alan akademiyanın baş məşqçisi Halim Fıçıcı, milli komandamızın baş məşqçisi Mirbağır İsayev çıxış edərək görülən işləri dilə gətiriblər və futbolçulara gələcək karyeralarında uğurlar arzulayıblar. “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu isə: "İlk öncə akademiyanın koordinatorlarına təşəkkür edirəm ki, işləri bu şəkildə - peşəkarcasına qura bililbər. Növbəti təşəkkürüm akademiya məşqçilərinin hər birinədir, bu futbolçuların yetişməsində onların hər birinin rolu var. Daha sonra isə futbolçuları qeyd etmək istəyirəm. Azərbaycan milli komandasının bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdir. Onlara, həmçinin bütün milli komanda üzvlərinə Avropa çempionatının növbəti mərhələsində uğurlar arzu edir, gələcək karyeralarının parlaq olmasını diləyirəm. Belə görürəm ki, rəhbərlik etdiyim əsas komandanın gələcəyi parlaqdır. Tezliklə həm bu "beşliyin", həm də klubumuzun digər yetirmələrinin "qapımızı döymələrini" arzulayır, onlara hər zaman yardım etməyə hazır olduğumu bildirirəm".

 

Daha sonra Muntyanu klubun xatirə hədiyyələrini bu qələbənin əsas memarları - milli komandamızın baş məşqçisi Mirbağır İsayevə və köməkçisi Baba Əsgərova təqdim edib. Futbolçular Kamran Ağayev, Dodo, Ruslan Abışov, Cavid Hüseynov və Viktor Mendi Hacıağa Hacıyev, Fərid Nəbiyev, Xəyal Əmirli, Elvin Dəmirov və Amin Seydiyevi buts və üzərində yeniyetmə futbolçuların adları yazılmış əsas komanda formaları ilə mükafatlandırıblar.

 

gabalafc.az