“Azərbaycan yığması İtaliya və Bolqarıstanla oyunların hər ikisində son dəqiqələrdə buraxdığı qollardan sonra 1:2 hesabı ilə uduzub. Yəni, Azərbaycan millisi həmin komandalardan xal ala bilərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Mattias Hoqmo deyib.
Dünən ölkəmizə gələn Skandinaviya təmsilçisinin çalışdırıcısı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
“Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini nəzərə almasaq, heç də pis təsir bağışlamayıb. Onları Osiekdə böyük hesabla uduzmasına səbəb isə ilk hissədə 4 qol buraxmaqları idi. Fasiləyəcən artıq 4 qolla geri düşən azərbaycanlılar üçün oyunun axarını dəyişmək çətin idi” – deyə, Hoqmo bildirib.
54 yaşlı mütəxəssisin fikrincə, Berti Foqtsun postundan ayrılmasına baxmayaraq, Azərbaycan millisində ciddi dəyişikliklər olmayacaq: “Mahmud Qurbanov Berti Foqtsun gedişindən sonra heyətdə elə də ciddi dəyişikliklər etməyib. Sadəcə, yeni məşqçinin fərqli oyun üslubu ola bilər ki, buna qarşı da hazırlaşacağıq. İnanıram ki, komandam istənilən halda qələbə üçün oynayacaq”.
Hoqmo, həmçinin vurğulayıb ki, Azərbaycan millisi əks-hücumlara bel bağlayacaq: “Rəqib daha çox əks-hücumlara üstünlük verəcək. Amma yenə də fərqli nəsə gözləmək olar. Çünki dediyim ki, yeni məşqçi ilə ilk dəfə meydana çıxacaqlar. Futbolçularıma da tapşırıq vermişəm ki, öz oyunumuzu oynamağa çalışın və rəqibin necə futbol nümayiş etdirəcəyinə fikir verməyin. Hər halda, bizi çətin qarşılaşma gözləyir”.
Qeyd edək ki, Azərbaycan – Norveç matçı sabah “Bakcell Arena”da keçiriləcək. Oyunun start fiti saat 21:00-da veriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı