“Bizi AVRO-2016-nın seçmə mərhələsində çox çətin oyunlar gözləyir. Bolqarıstan və Azərbaycana qarşı heç də asan olmayacaq”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya milli komandasının üzvü Domaqoy Vida deyib.
AVRO-2016-nın seçmə mərhələsinə oktyabrın 10-da Bolqarıstan və oktyabrın 13-də Azərbaycan millisi ilə üz-üzə gələcək xorvatların müdafiəçisi bu iki qarşılaşma haqqında danışıb: “Bizim komandada Luka Modriç, Mario Manzukiç və İvan Rakitiç kimi Avropanın nəhəng klublarında oynayan futbolçular var. Mən Xorvatiya millisini qrupun favoriti sayıram. Amma istənilən halda hər bir matç çətindir. Düzdü, Bolqarıstan millisində ulduz futbolçular yoxdur. Amma meydanda mübarizə aparan gənclər var. Azərbaycan üzərində qələbəni də həmin futbolçularla qazandılar. Düşünürəm ki, Sofiyada bizə çox çətin olacaq. Çünki onlar doğma meydanda, öz azarkeşləri önündə oynayacaqlar. Bu matç üçün çox yaxşı hazırlaşmışıq. Amma ehtiyatı əldə verməməliyik”.
Vida Osiek şəhərində keçiriləcək Azərbaycanla oyunda azarkeşlərdən möhtəşəm atmosfer gözlədiyini bildirib: “Bolqarıstanla oyundan sonra doğma meydanda Azərbaycanı qəbul edəcəyik. İnanıram ki, azarkeşlər Osiyek şəhərinin stadionunda möhtəşəm atmosfer yaradıb, rəqibə əsl cəhənnəm yaşadacaqlar. Biz birlikdə qalib gələcəyik. ”