Portuqaliya yığmasının keçmiş futbolçusu Simao Sabroza karyerasını Hindistanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Nort-İst Yunayted” klubu ilə anlaşıb.
Bu barədə klubun rəsmi “tvitter” hesabından xəbər verilib.
Qeyd edək ki, “Nort-İst Yunayted” Assam ştatının ən böyük şəhəri Quvaxarini təmsil edir. Ötən mövsüm normal çempionatda sonuncu pillədə qərarlaşmış komanda “pley-off”larda oynamağa haqq qazanmayıb.
Bir zamanlar “Barselona”, “Benfika”, “Atletiko Madrid” kimi Avropa nəhənglərinin formasını geyinmiş Simao bir il də Türkiyədə “Beşiktaş”da oynamışdı.
Futbolçunun son klubu isə “Espanyol” olub. İki mövsüm kataloniyalıların şərəfini qorumuş Simao burada 60 oyunda meydana çıxıb, 3 qola imza atıb.
Portuqaliya millisi ilə 80 oyun keçirən 35 yaşlı ulduz 22 dəfə rəqiblərini məyus edib.