İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi İngiltərə “Arsenal”ının baş məşqçisi Arsen Venqerin dəvət edilməsinin mümkünlüyünü nəzərdən keçirir. Apasport.az saytının məlumatına görə, bu məsələdə hər şey müqaviləsinin uzadılması ilə bağlı “Arsenal” rəhbərliyi ilə razılığa gələ bilməyən Venqerin özündən asılı olacaq.
Məsələ ondadır ki, rəhbərliklə 64 yaşlı mütəxəssis arasında əmək razılaşmasının şərtləri aydınlaşdırılıb. Amma Venqer yeni oyunçuların alınmasında həlledici qərarın ona verilməsini istəyir. Rəhbərlik isə seleksiya xidmətinə üstünlük verir. Əgər Venqerin tələbləri yerinə yetirilməsə, o, komandanı tərk edəcək. “Barselona” isə bu məqamdan yararlanmağa çalışır.
Xatırladaq ki, Kataloniya klubunun rəhbərliyi hazırkı baş məşqçi Herardo Martino ilə müqaviləni uzatmamaq qərarına gəlib. Martino mövsümün sonunda “Barsa”nı tərk edəcək.